...

Bakıda sürüşmə zonasında olan iki 9 mərtəbəli binanın sakinlərinin evlərinə köçürülməsinə icazə verildi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Mart 2012 18:55 (UTC +04:00)
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə zonasında olan iki 9 mərtəbəli binanın sakinlərinin evlərinə qaytarılmasına icazə verilib
Bakıda sürüşmə zonasında olan iki 9 mərtəbəli binanın sakinlərinin evlərinə köçürülməsinə icazə verildi (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 18:31-də yayılıb)

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir E.Mehdiyev/

Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə zonasında olan iki 9 mərtəbəli binanın sakinlərinin evlərinə qaytarılmasına icazə verilib. Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bu barədə axşam müşavirəsindən sonra jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

"Dünənki vəziyyətə görə, bu gün suyun səviyyəsi 2,2 metr aşağı düşüb, sürüşmə yoxdur. Bu, bizə əminlik verir ki, burada tam stabillik yaranıb. Ona görə də belə qərara gəlindi ki, iki binaya insanların köçürülməsinə icazə verilsin", - Abutalıbov deyib.

O qeyd edib ki, lakin sabaha qədər sürüşmə zonasındakı 63 saylı binanın I mərtəbəsində yaşayışa icazə verilməyəcək. Çünki ehtimallar var ki, 1-ci mərtəbəyə müəyyən qədər torpaq axsın. Ona görə də hələlik bir binanın 1-ci mərtəbəsinin 4 mənzilinə indi icazə verilməyəcək. Qalanlarına indi su verilir, qaz isə verilmir. Çünki bütün bina sakinləri köçürüləndən sonra qaz da veriləcək.

Abutalıbov deyib ki, komissiyanın gəldiyi rəyə görə, sürüşmə təbii fəlakətdir. Onun sözlərinə görə, sürüşməyə ilk səbəb 21 gün yağan qar və yağıntıdır. İkincisi səbəb isə ərazidən keçən su boruları, kanalizasiya və istilik xətlərində baş verən sızmalardır. Komissiya qərar verib ki, bu sızmaların qarşısı tezliklə alınmalıdır.

Abutalıbov həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi və geoloqlar fasiləsiz olaraq burada işləyəcəklər və bir həftə ərzində tam bərkitmə işləri başa çatacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev öncə Trend-ə bildirib ki, sürüşməni yaradan amillərin hamısı müəyyənləşdirilib. Sürüşməni yaradan əsas amil əraziyə daxil olan təbii və texnogen sulardır.

Son iki gündür sürüşmə təhlükəsi olduğundan iki binanın sakinləri evlərindən köçürülüblər.

Xəbər lenti

Xəbər lenti