Azərbaycan, Bakı, 7 mart /Trend/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovun ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə test imtahanından əlavə şifahi imtahanların keçirilməsinin zəruriliyi barədə təklifinə münasibət bildirib. Trend-in məlumatına görə, Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, belə təkliflər yalnız hansısa elmi araşdırmaların nəticəsi əsasında deyilə bilər.
"Bu təklif səsləndirilməmişdən əvvəl hansısa araşdırmalar aparılıbmı? Bunu bilmirəm. Hesab edirəm ki, belə təklifər yalnız hansısa elmi araşdırmalar aparıldıqdan sonra səsləndirilə bilər ki, onlar sanballı səslənsin. Ele-belə səslənəndə bu, populistlik olur", - TQDK sədri qeyd edib.
O, ali məktəblərin magistraturalarına builki qəbul zamanı ilk dəfə olaraq elektron imzanın tətbiq edildiyini də bildirib. Abbaszadənin sözlərinə görə, magistraturaya sənəd qəbulu zamanı yalnız bir nəfər elektron imza ilə sənəd verib. Həmin şəxs də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçisidir.
"Elektron imzalar indi fərdi şəxslərə 20-30 manata verilir. İmtahanda iştrak etmək üçün isə abituriyentlər 2 manat rüsum ödəyirlər. 2 manat rüsum ödyən abituriyentə biz deyə bilmərik ki, 30 manata elektron imza alsın", - TQDK sədri deyib.
O, ali məktəblərə qəbul olmaq istəyənlərə sənəd qəbulu üçün elektron imzaların fərqli tariflərlə verilməsi təklifi ilə RİTN-ə müraciət edib. Hazırda bu layihə üzərində iş getdiyini deyən Abbaszadənin sözlərinə görə, RİTN-in mərkəzləri elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyi.
TQDK sədri deyib ki, ali məktəblərə qəbul zamanı da elektron imzası olanlar ondan istifadə edə bilərlər. Amma elektron imzaların sənəd qəbulu zamanı tətbiqi məcburi deyil. Çünki hələ elektron imzaların qiymətləri yüksəkdir.
"Kim elektron imza alıbsa, ondan istifadə edə biləcək. Biz bu işə texniki cəhətdən hazırıq. RİTN mərkəzləri elektron imzaların kütləvi istifafdəsinə hələ hazır deyillər", - Abbaszadə bildirib.