Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/
2012-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 10 713 müraciət daxil olub.
Trend-in Fondun İctimaiyyətlə əlaqələr sektoruna istinadən verdiyi məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,4 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb.
Müraciətlərin 46,6 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.
Cari ilin yanvar və fevral aylarında "190" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Belə ki, müraciətlərin 59,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 16,4 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,4 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.
Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Xidmətdən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici video çarx DSMF-nin saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) yerləşdirilib.
DSMF-nin "190" məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 10 mindən çox müraciət daxil olub
2012-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 10 713 müraciət daxil olub.