...

Azərbaycanda sürüşmələrin qarşısını almaq üçün yeni təklif irəli sürülür

Cəmiyyət Materials 12 Mart 2012 14:37 (UTC +04:00)
Sürüşmənin qarşısını almaq üçün tədbirlərin görülməsi olduqca baha başa gəldiyindən ərazi sürüşməyə qarşı tədbirlər həyata keçirildikdən sonra istismar və tikintiyə cəlb edilməlidir.
Azərbaycanda sürüşmələrin qarşısını almaq üçün yeni təklif irəli sürülür

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir İ.İsabalayeva/

Sürüşmənin qarşısını almaq üçün tədbirlərin görülməsi olduqca baha başa gəldiyindən ərazi sürüşməyə qarşı tədbirlər həyata keçirildikdən sonra istismar və tikintiyə cəlb edilməlidir. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

"Yaxşı olar ki, ərazi tikintiyə və ya istismara cəlb olunmamışdan əvvəl orada sürüşməyə qarşı tədbirlər həyata keçirilsin. Sürüşməyə meyilli ərazilərdə insan fəaliyyəti olduqca, yaşayış məntəqələri salındıqca, tikililər inşa edildikcə, kommunikasiya xətləri, yollar çəkildikcə həmin ərazilərdə qabaqlayıcı tədbirlər görülməlidir", - Niftiyev bildirib.

Bu tədbirlərin çox zaman yerinə yetirilməməsinə təəssüflənən baş mühəndis deyib ki, onlar yalnız ərazidə sürüşmə aktivləşdikdən sonra həmin prosesdən xəbər tuturlar. Buna görə də yalnız bundan sonra sürüşməyə meyilli ərazilərdə geoloji işlər və monitorinqlər aparılır, hadisənin baş vermə səbəbləri öyrənilir, prosesin dərinləşməməsi üçün atılacaq növbəti tədbirlər müəyyənləşdirilir.

"Çox zaman ərazidə binalar tikiləndə, yollar çəkiləndə bizdən soruşan olmur ki, burada iş görmək olar, ya yox. Həmin ərazilərdə müxtəlif layihə institutları müxtəlif mühəndis-geoloji tədqiqatlar aparırlar. Amma bizə həmin mühəndisi-geoloji tədqiqatların materialları daxil olmur ki, biz ərazidə müşahidə edilə biləcək geoloji proseslərin aktivləşməsinə qarşı görülə biləcək tədbirlər barədə nə isə məlumat əldə edək", - Niftiyev əlavə edib.

Baş mühəndis qeyd edib ki, ölkənin müxtəlif ərazilərində baş verən sürüşmə sahələrində həyata keçirilməsi lazım olan tədbirlər planlarını Nazilər Kabinetinə təqdim ediblər. Həmin planlarda qeyd edilir ki, sürüşməyə meyilli ərazilərə texnogen müdaxilənin qarşısını almaq lazımdır.

Sürüşməyə meyilli ərazilərdə federativ-mühəndisi tədbirlərin görülməsi, həmin ərazilərdə ağacların, kolluqların əkilməsi ilə erroziyanın qarşısının alınması tələb olunur.

Sürüşməyə meyilli ərazilərdə həyata keçirilməsi vacib olan III bahalı tədbir isə həmin ərazilərdə mühəndisi-bərkitmə işlərinin aparılmasıdır.

Dördüncü və əsas amillərdən biri isə artıq sürüşmə müəyyən edilmiş ərazilərdə texnogen fəaliyyətin tam məhdudlaşdırılmasıdır.

Niftiyevin sözlərinə görə, sürüşməyə meyilli ərazilərdə bu proseslərin aktivləşməməsi üçün bu tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Baş mühəndis artıq sürüşmə ərazilərində bu tədbirlərin icra edildiyini bildirib.

Onun sözlərinə görə, hazırda ən narahatedici ərazilərdən olan Bakının Xətai rayonundakı sürüşmə sahəsində vəziyyət stabilləşir, ərazidə dəyişiklik yoxdur.

Sürüşməni yaradan amillərdən olan qrunt sularının ərazidən uzaqlaşdırılması üçün tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti