...

Araşdırmaçı-yazar Hikmət Babaoğlu və türkiyəli müğənni Sezen Aksu hüquq platformasında qarşılaşa bilərlər

Cəmiyyət Materials 12 Mart 2012 17:47 (UTC +04:00)
Türkiyəli müğənni Sezen Aksu yeni albomunda Azərbaycanın folklor nümunələrindən olan "Sarı gəlin" mahnısını erməni dilində ifa edəcəyini və bu mahnını erməni xalq mahnısı kimi təqdim edəcəyini bildirib.
Araşdırmaçı-yazar Hikmət Babaoğlu və türkiyəli müğənni Sezen Aksu hüquq platformasında qarşılaşa bilərlər

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Türkiyəli müğənni Sezen Aksu yeni albomunda Azərbaycanın folklor nümunələrindən olan "Sarı gəlin" mahnısını erməni dilində ifa edəcəyini və bu mahnını erməni xalq mahnısı kimi təqdim edəcəyini bildirib.

"Sarı gəlin" mahnısının tədqiqatçısı, araşdırmaçı-yazar Hikmət Babaoğlu mətbuata açııqlamasında deyib ki, Sezen Aksu Azərbaycanın bu folklor nümunəsini erməni mahnısı kimi təqdim edəcəyi təqdirdə, o, tədqiqatçı kimi müvafiq beynəlxalq hüquq təşkilatlarına müraciət etməyi planlaşdırır.

Onun sözlərinə görə, Azərbaycan xalqının milli folklor nümunəsinin erməni xalq mahnısı kimi təqdim edilməsi yolverilməzdir.

"Bildiyimiz kimi, bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası mövcuddur. Bern Konvensiyasının 15-ci maddəsinə uyğun olaraq, əqli və folklor nümunələrinin qorunması hüquqla tənzimlənir. Azərbaycan və Türkiyə bu konvensiyaya qoşulub. Bu isə o deməkdir ki, həmin dövlətlər konvensiyadan irəli gələn tələbləri yerinə yetirməyə borcludurlar. Türkiyəli sənətçinin Azərbaycanın folklor nümunəsini erməni mahnısı kimi təqdim etməsi hüquqi cəhətdən məsuliyyət yaradır və bununla bağlı müvafiq addımlar atacağıq", - Babaoğlu bildirib.

Hikmət Babaoğlu hazırda bu məsələ ilə bağlı müvafiq hüquq qurumları ilə məsləhətləşmələr apardığını vurğulayıb. O, həmçinin deyib ki, bu məsələ Azərbaycan qanunvericiliyinə də ziddir. Folklor nümunələrimizin qorunması haqqında qanunun mövcud olduğunu söyləyən tədqiqatçı deyib ki, bu qanun da "Sarı gəlin" və digər folklor nümunələrinin qorunması istiqamətində hüquqi zəmin yaradır.

Qeyd edək ki, araşdırmaçı-yazar Hikmət Babaoğlunun "Akdamardan Sarı gəlinədək erməni yalanı" adlı əsərində "Sarı gəlin" mahnısı xüsusi tədqiqat predmetinə çevrilib, əsərdə mahnının yaranma və Azərbaycanən xalq yaradıcılığına aid olması tarixi haqqında elmi faktlar öz əksini tapıb. Tədqiqat nəticəsində mahnının yaradıcısının Sinan adlı şəxs olduğu müəyyənləşdirilib. Mahnının yarandığı ərazi və coğrafiya tədqiq olunaraq həmin ərazidə xristian-qıpçaq türklərinin yaşadığı məlum olub.

Eyni zamanda, o da aşkarlanıb ki, mahnı təkcə Qafqazda deyil, türklərin məskunlaşdığı bir çox ərazilərdə, o cümlədən Azov dənizinin ətrafında yaşayan xristian-qıpçaqlar arasında olduqca populyar olub. Hətta Ukrayna arxivlərinə əsasən müəllif müəyyənləşdirib ki, mahnının "Axı saçın örməzlər, Səni bana verməzlər" şəklində olan versiyası Ukraynanın arxivində qıpçaq folklorunun nümunəsi kimi bu gün də saxlanmaqdadır.

Xəbər lenti

Xəbər lenti