...

Azərbaycanda ötən il İİV infeksiyasına yoluxanların statistikası açıqlanıb

Cəmiyyət Materials 13 Mart 2012 17:33 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda 548 insanda İİV-ə yoluxma halı aşkarlanıb.
Azərbaycanda ötən il İİV infeksiyasına yoluxanların statistikası açıqlanıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İsabalayeva/

2011-ci ildə Azərbaycanda 548 insanda İİV-ə yoluxma halı aşkarlanıb. Səhiyyə Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, onların 537-si (98,0%) Azərbaycan, 11-i (2%) isə əcnəbi vətəndaşdır.

Qeydiyyata alınmış 537 Azərbaycan vətəndaşından 403-ü (75%) kişi, 134-ü (25%) qadındır. Onlardan 57,7%-i inyeksion yolla, 34,8%-i cinsi əlaqə nəticəsində, 9 uşaq isə anadan İİV-ə yoluxub. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 195 nəfər olub. Onlardan 190-ı Azərbaycan vətəndaşıdır.

İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 50 nəfər olub ki, onlardan da 48-i Azərbaycan vətəndaşı olub.

2011-ci ildə aşkar olunan İİV-ə yoluxma hallarının 57,7%-i, 1987-2011-ci illər ərzində isə aşkar olunan halların 61,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2011-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3267 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3154 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 113 nəfəri (3,5%) isə əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2578-i (81,7%) kişi, 576-sı (18,3%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 895 nəfərdir. Onlardan 881 nəfəri Azərbaycan vətəndaşlarıdır. Qeyd edilən müddətdə İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 431 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 423 nəfər olub.

3154 nəfər Azərbaycan vətəndaşından 1980-də (62,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 820-də (26,0%) heteroseksual, 29-da (0,9%) isə homoseksual kontakt nəticəsində, 41-də (1,3%) anadan uşağa keçməklə, 1-də (0,03%) donor qanının köçürülməsi nəticəsində baş verib, 283 nəfərdə (9,0%) yoluxma yolu naməlumdur.

Xəbər lenti

Xəbər lenti