...

Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşüb

Cəmiyyət Materials 15 Mart 2012 16:14 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin təmsilçiləri nazir müavini Əsgər Ələkbərovun başçılığı ilə martın 15-də Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşüb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyinin təmsilçiləri nazir müavini Əsgər Ələkbərovun başçılığı ilə martın 15-də Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Nazir müavini Ələkbərov DİN-in rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından görüş iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını və səmimi duyğularını çatdırıb.

Belə görüşlərin Prezident İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan polis general-leytenantı Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində köklü islahatların həyata keçirildiyini, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkəmizdə dönməz sabitliyin, əmin-amanlığın yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulayıb.

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb.

Bundan əlavə, sözügedən vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Xəbər lenti

Xəbər lenti