...

Ağsu aşırımındakı sürüşmə ilə əlaqədar 11 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Cəmiyyət Materials 27 Mart 2012 14:50 (UTC +04:00)
Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar rayonun 11 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Ağsu aşırımındakı sürüşmə ilə əlaqədar 11 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/

Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar rayonun 11 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ağsu rayon icra başçısının müvini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov Trend-ə bildirib ki, yolun bağlanması ilə əlaqədar olaraq 11 kəndə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür.

Onun sözlərinə görə, bu hal yolu 100 kilometr uzadıb.

Komissiya sədri bildirib ki, hazırda Ağsu aşırımında çökmə davam edir. Onun sözlərinə görə, rayonda sürüşmə nəticəsində dünən Dilman kəndi ərazisində 7, Qırlar kəndində isə 1 ev qəzalı vəziyyətə düşüb. Həmin evlərə verilən elektrik enerjisi kəsilib, sakinlər isə qohumlarının evlərinə köçürülüb.

Mikayılov deyib ki, rayonun Dilman, Nuran, Sanqalan, Qırlar, Kalva, Gürcüvan kəndlərində sürüşmə sahələrində aktivlik müşahidə olunur.

O qeyd edib ki, Ağsu aşırımı ətrafında 100-dək obyekt dünən saat 12:00-dan etibarən fəaliyyətini müvəqqəti dayandırıb.

Həmin obyektlər meşə təsərrüfatı idarəsi ilə müqavilə əsasında fəaliyyət göstərən kafe və restoranlardır.

Xatırladaq ki, son bir ayda Bakıda və bir sıra rayonlarda - Şamaxı, Ağsu və cənub rayonlarında sürüşmə sahələrində aktivlik müşahidə olunur. Bu gündən İsmayıllı da daxil olmaqla, bir neçə rayonda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlərə başlanılıb.

Xəbər lenti

Xəbər lenti