Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan şirkətin meneceri korrupsiya cinayətində ittiham olunur.
Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən yaydığı məlumata görə, "Qlobal" MMC-nin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılova Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edib.
Müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya "Şengen" vizasının əldə edilməsi üçün 2200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib, həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Turizm şirkətinin meneceri korrupsiya cinayətində ittiham olunur
Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan şirkətin meneceri korrupsiya cinayətində ittiham olunur.