Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan hökuməti Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını müəyyənləşdirib. Bu barədə çərşənbə axşamı Trend-ə Nazirlər Kabinetindən bildirilib.
Kabinetin qərarına görə, Gənclər Fondunun icraçı direktoru 1210 manat, aparat rəhbəri 913 manat, baş mühasib 847 manat, sektor müdiri 800 manat, baş məsləhətçi 726 manat, aparıcı məsləhətçi 605 manat, məsləhətçi 550 manat, sürücü 270 manat aylıq vəzifə maaşı alacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb.
Fondun fəaliyyəti gənclərin təşəbbüsçü kimi çıxış etdiyi strateji layihələrin reallaşdırılması, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, xarici alimlərin Azərbaycan haqqında tədqiqatlarının təşviqini və başqa layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Gənclər Fondunun icraçı direktoru vəzifəsinə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev təyin olunub.