...

Ekologiya Nazirliyi: Ağsu aşırımı bərpa olunsa belə, orada yenidən təhlükə yarana bilər

Cəmiyyət Materials 28 Mart 2012 16:16 (UTC +04:00)
Ağsu aşırımında müəyyən mühafizə tədbirləri görülsə və yol bərpa olunsa belə, orada yenidən müəyyən təhlükənin yarana biləcəyi proqnozlaşdırılır.
Ekologiya Nazirliyi: Ağsu aşırımı bərpa olunsa belə, orada yenidən təhlükə yarana bilər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Ağsu aşırımında müəyyən mühafizə tədbirləri görülsə və yol bərpa olunsa belə, orada yenidən müəyyən təhlükənin yarana biləcəyi proqnozlaşdırılır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

"Bizim tərəfdən də bu variant proqnozlaşdırılır. Çünki həmin ərazi geoloji proseslərə o dərəcədə məruz qalıb ki, orada ekosistem bütünlüklə pozulub", - Niftiyev bildirib.

Onun sözlərinə görə, Ağsu aşırımının elə hissələri var ki, onu bərpa etmək çox çətin olacaq. Bu təcrübə bərpa olunmuş başqa magistral yollarda da özünü doğrultmayıb.

"Başqa magistral yollarda da bərpa işləri aparılıb. Vəziyyətin sonda necə olduğunu görmüşük. Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilib ki, bundan bir çıxış yolu tapılsın", - baş mühəndis əlavə edib.

Hazırda Ağsu aşırımında sürüşmənin aktiv olduğunu deyən Niftiyev bildirib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 140 və 150-ci km-lərində (Ağsu aşırımı) sürüşmə sahələrində nisbi aktivlik var. Qalan sürüşmə sahələrində isə nisbi stabillik yaranmaq üzrədir. Hazırda həmin ərazilərdə müşahidələr davam edir.

Baş mühəndis qeyd edib ki, martın 30-da Ağsu aşırımına bütün aidiyyəti qurumların iştirakı ilə baxış keçiriləcək, yolun açılması üçün hansı tədbirlərin görülə biləcəyi müəyyən ediləcək.

Niftiyev əlavə edib ki, Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə də Ağsu aşırımındakı vəziyyət müzakirə edilib. Bununla əlaqədar müvafiq qurumlara tapşırıqlar verilib.

Nazirlik rəsmisi hesab edir ki, Ağsu aşırımı çox strateji yol olduğu üçün burada işlər böyük sürətlə görülməli və yolun açılması istiqamətində fəaliyyət planı hazırlanmalıdır.

Qeyd edək ki, sürüşmə ilə əlaqdar martın 26-dan Ağsu aşırımı bağlanıb.

Xəbər lenti

Xəbər lenti