...

Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib

Cəmiyyət Materials 31 Mart 2012 16:45 (UTC +04:00)
Martın 31-də Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Martın 31-də Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov erməni millətçilərinin və onların havadarlarının iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, bu genosid siyasəti nəticəsində on minlərlə insanın qətlə yetirildiyini, soyqırımı barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını təəssüflə bildirmişdir.

Soyqırımın bu illər ərzində qatı erməni şovinizminin və mənfur ideologiyasının əsas ana xəttinə çevrildiyini diqqətə çatdıran cənab Ramil Usubov məhz ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ali hakimiyyətə qayıdışından sonra həmin qanlı hadisələrə, zaman-zaman xalqımıza qarşı törədilmiş cinayətlərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ümummilli liderimizin tarixi ədaləti bərpa edərək müvafiq fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulamışdır.

O da bildirilmişdir ki, 1998-ci il martın 26-da məhz həmin tarixi sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.

General-polkovnik Ramil Usubovun təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov real faktlara, o cümlədən əcnəbi alimlərin və araşdırmaçı jurnalistlərin türk, müsəlman xalqlarına qarşı soyqırımı siyasətindən bəhs edən kitablarda əksini tapmış gerçək sübutlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış etmişdir. Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq keçmiş imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın- qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi qeyd olunmuşdur.

Tədbirə yekun vuran nazir Ramil Usubov xalqımıza qarşı yönəlmiş soyqırımı siyasətinin keçmiş SSRİ zamanında da başqa formada davam etdiyini, ulu öndər Heydər Əliyevin hələ birinci rəhbərliyi dövründən Azərbaycanın dünyada güclü iqtisadi, sosial və mədəni potensiala malik dövlət kimi tanınmağa başladığını, ümummilli liderimizin kursunu layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü fəaliyyəti və gərgin diplomatik səyləri nəticəsində respublikamızın BMT kimi ali qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, regionda lider dövlətə çevrilməsi ilə bu prosesin öz məntiqi sonluğuna çatdıığını vurğulamışdır.

Azərbaycan vətəndaşlarının gələcəyə inamla baxmasını, gənc dövlətimizin və möhtərəm ölkə başçımızın yeritdiyi siyasətin sülhsevər, müdafiə xarakterli olduğunu, bizim heç bir ölkə və xalqla düşmənçilik etmədiyimizi diqqətə çatdıran nazir Ramil Usubov artıq haqq işimizin bütün səviyyələrdə dəstəkləndiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin ordumuzun gücü, iqtisadi qüdrətimiz ilə təmin olunacağı günün uzaqda olmadığını bildirmişdir. Soyqırımı barədə həqiqətlərin, faktların ölkə və beynəlxalq ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasının əhəmiyyətini, erməni millətçiləri tərəfindən xalqımızın başına gətirilən müsibətlərin unudulmasının yolverilməzliyini və həmin hadisələrdən hər bir azərbaycanlının nəticə çıxarmasının vacibliyi vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti