...

Azərbaycanda tələbələr üçün "Yay semestri"nin təşkili qaydaları açıqlanıb

Cəmiyyət Materials 13 Aprel 2012 11:50 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə "Yay semestri"nin təşkili qaydalarını açıqlayıb.
Azərbaycanda tələbələr üçün "Yay semestri"nin təşkili qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə "Yay semestri"nin təşkili qaydalarını açıqlayıb.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu qaydalar yeni hazırlanan "Kredit sisteminin tədrisinin təşkili qaydaları"nda ayrıca bölüm kimi göstərilib.

Yeni qaydalara görə, "Yay semestri" adi payız və yaz semestrləri kimi təşkil olunacaq. Sadəcə, payız və yaz semestrlərinin hər biri 20 həftədən ibarət olduğu halda, "Yay semestri" tətil müddətində 6 həftədən çox olmamaq şərti ilə təşkil olunmalıdır.

"Yay semestri"nin təşkilinin bir neçə məqsədi var. Bu semestr akademik borcu olan, imtahanda aldığı qiymətlərlə razılaşmayan və hər hansı fənni digər ali məktəbdə keçmək istəyən tələbələr üçün təşkil olunur. Əgər tələbənin hansısa fənn üzrə akademik borcu qalıbsa, onun bu fənn üzrə növbəti illərdə, normativ müddətdən artıq oxumamasından ötrü onların "Yay semestri"ndə iştirak etməsinə imkan yaradılır.

Tələbə tədris aldığı müddətdə hər hansı fəndən aldığı aşağı qiyməti yüksəltmək istəyirsə, onda da "Yay semestri"ndə iştirak etməklə belə bir imkan əldə edə bilər.

Bununla yanaşı, tələbə hər hansı fənni öz oxuduğu ali məktəbdə deyil, başqa universitetdə keçmək istəyirsə, onu "Yay semestr"i vasitəsilə reallaşdıra bilər. Tələbələr "Yay semestri" ərzində həmin fənlər üzrə mövzuları yenidən keçib imtahan verəcəklər.

Ali məktəblər zəruri olduğu halda yay semestrini təşkil edirlər. Tələbənin "Yay semestri"ndə iştirakı məcburi həyata keçirilə bilməz. "Yay semestri"ndə iştirak könüllü və ödənişlidir. Ödənişin məbləği həmin il üçün ixtisas üzrə təhsil haqqı və fənnin kreditindən asılı olaraq müəyyən edilir.

"Yay semestri"ndən toplanılan maliyyə vəsaitinin hesabına müəllimlərin əmək haqları və digər xərclər də ödəniləcək.

Bu qaydalar mülkiyyətindən asılı olmayaraq, ölkənin bütün ali məktəblərində tətbiq edilməlidir.

Bu qaydaların növbəti tədris ilindən tətbiqi gözlənilir.

Qeyd edək ki, indiyədək Azərbaycanın bir sıra universitetlərində "Yay semestri" təşkil olunsa da, onun təşkilinin təsdiqlənmiş qaydaları olmayıb.

Xəbər lenti

Xəbər lenti