...

Mətbuat Şurası Xədicə İsmayılovanın müraciətini araşdırıb

Cəmiyyət Materials 13 Aprel 2012 18:16 (UTC +04:00)
Trend-in MŞ-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şura sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri ilə bağlı müraciətini araşdırıblar
Mətbuat Şurası Xədicə İsmayılovanın müraciətini araşdırıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Trend-in MŞ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şura sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri "Azadlıq" radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovanın "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri ilə bağlı müraciətini araşdırıblar.

Müzakirələr zamanı həmin mətbu nəşrlərin bu ilki saylarında İsmayılova barədə gedən materialların hər biri ayrıca müzakirə olunub, onlarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın tələblərinə necə yanaşıldığı müəyyənləşdirilib. Əvvəlcə tərəflər dinlənilib.

Şikayətçi ilə yanaşı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "İki sahil" qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Komissiya üzvləri həmin fikirləri və arqumentləri təhlil edərək müvafiq rəylərin çıxarılması razılığına gəliblər.

Qeyd edək ki, "Səs" qəzetinin təmsilçisi naməlum səbəbdən müzakirəyə qatılmasa da MŞ-nin "Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları"nın tələblərinə müvafiq olaraq bu mətbu orqandan şikayət doğuran yazı da müzakirə olunub.

Komissiya rəyə gəlib ki, həmin materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsiplərinin tələbləri pozulub, balansa əməl olunmayıb, təhqiramiz ifadələr işlədilib, şəxsi həyatın toxunulmazlığına yol verilib. Komissiya hər üç mətbu orqana gələcək fəaliyyətlərində bu kimi məqamlara yanaşmada daha həssaslıq göstərilməsini tövsiyə edib.

İclasda şikayətçi tərəfə də komissiyanın irad və tövsiyələri çatdırılıb. Bildirilib ki, Xədicə İsmayılovanın mediada "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəyə ünvanlanan təhqiramiz ifadələri də jurnalist üçün yolverilməzdir, peşə etikası ilə bir araya sığmadığına görə belə hallar da məqbul sayıla bilməz .

Xəbər lenti

Xəbər lenti