...

Azərbaycanda əlillərin 15 faizə yaxını uşaqlardır

Cəmiyyət Materials 2 May 2012 11:08 (UTC +04:00)
Azərbaycanda 425 min əlil var, onlardan 61 mini uşaqdır.
Azərbaycanda əlillərin 15 faizə yaxını uşaqlardır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 425 min əlil var, onlardan 61 mini uşaqdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü 5 may - Avropa əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

"Hökumətin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunurdu ki, uşaqlıqdan əlil olanların sayı 2010-cu ilə nisbətən 2011-ci ildə artıb. Əlilliyə görə əmək pensiyası alanların sayı da 2010-cu ilə nisbətdə ötən il artıb. Bu iki göstərici bizi çox narahat edir. Bizdə MDB ölkələrindən fərqli olaraq, əlillərə maşın verilir, mənzil tikilir. Qarabağ əlilləri 2 müavinət alır", - Rəcəbli bildirib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən və müzakirəsi aparılan 3 qanun layihəsi gələcəkdə əlillərin sayının azalmasına xidmət edəcək.

Deputat hesab edir ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə görə nikaha girənlərdən əvvəlcədən tibbi arayışın istənilməsi gələcəkdə əlil uşaqların doğulma faizini aşağı salacaq.

Eyni zamanda "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsi qəbul ediləcək.

"Qanunda xəstəliyin əlilliyə keçməsinin qarşısının alınmasını nəzərdə tutan əhəmiyyətli müddəalar yer alıb. "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna yeni müddəalar daxil etmək istəyirik. Bu da ərzaq məhsullarının, məsələn, unun, şəkərin, südün və digər ərzaqların dəmirlə, yodla zənginləşdirilməsi ilə bağlıdır", - Rəcəbli deyib.

Xəbər lenti

Xəbər lenti