Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/
Bu ilin aprel ayında Azərbaycan sərhədçiləri hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 148 nəfəri saxlayıblar.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Ötən ay ərzində 27 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 33 nəfər saxlanılıb. Onlardan 23-ü Azərbaycan, 3-ü Gürcüstan, 3-ü Özbəkistan, 2-si Banqladeş, hər birindən bir nəfər olmaqla Moldova və Böyük Britaniya vətəndaşlarıdır.
Sərhəd rejim qaydalarını pozarkən 17 halda 32 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 43 halda 80 nəfər saxlanılaraq barələrində tədbir görülüb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində aprel ayında 5 halda 1 kq 472 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
DSX-nin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 2 gəmiyə və 69 qayığa baxış keçirilib.
Dənizdən 43 min metr tor, 8750 ədəd qarmaq, 5 ədəd qayıq, 3 ədəd mühərrik, 7 ədəd tor lövhəsi, 1 ədəd penoplast aşkar olunaraq götürülüb.
Hesabat dövründə sərhədçilər 71 halda ümumi dəyəri 463 648 manatdan artıq qaçaqmal saxlayıblar.