...

Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü münasibətilə keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 7 May 2012 16:11 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü münasibətilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin qalibləri bazar ertəsi "Gülüstan" sarayında keçirilən tədbirdə mükafatlandırılıb.
Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü münasibətilə keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü münasibətilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin qalibləri bazar ertəsi "Gülüstan" sarayında keçirilən tədbirdə mükafatlandırılıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqə artıq 6-cı ildir ki Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.

Onun sözlərinə görə, 3 mərhələdə keçirilən müsabiqəyə peşə liseylərinin və ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri qatılıb.

Nazir bildirib ki, inşa yazı müsabiqəsinin məktəb və rayon (şəhər) mərhələlərinə 700 minədək məktəbli qatılıb.

"Yekun mərhələnin iştirakçılarının inşa yazıları Təhsil Nazirliyi tərəfindən yaradılan komissiya tərəfindən qiymətləndirilib. Müsabiqə iştirakçılarından 5 nəfər I, 8 nəfər II, 13 nəfər III, 54 nəfər isə həvəsləndirici yerlərə layiq görülüb", - nazir deyib.

Onun sözlərinə görə, inşa yazılarında məktəblilər ulu öndər haqqında fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə ifadə ediblər.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, müsabiqə ümummilli liderin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinə, onların dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərir. Əhmədov ötən il olduğu kimi, bu il də I, II və III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.

O bildirib ki, bu vaxta kimi müsabiqədə qalib gələn 22 gənc bu təqaüdlərə layiq görülüb. "Bu il də müsabiqədə qalib gələn gənclərə 4 il ərzində hakim partiyanın müəyyənləşdirdiyi təqaüd veriləcək", - Əhmədov vurğulayıb.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını qeyd edib. Mehbalıyev müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq onların pulla mükafatlandırılacaqlarını bildirib. "Müsabiqədə I, II və III yerlər qazanan hər kəsə 200 manat, həvəsləndirici yer tutanlara isə 100 manat pul mükafatı veriləcək", - o deyib.

Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev isə çıxışında deyib ki, Fond üçün ən prioritet istiqamətlərdən biri də təhsil sahəsidir. O, müsabiqənin Heydər Əliyev Fondu üçün əhəmiyyətli layihələrdən biri olduğunu deyərək qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qərarına əsasən, bu müsabiqə qaliblərinin hər biri Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə çıxışında bildirib ki, Təhsil Nazirliyi ilə hər zaman birgə əməkdaşlıq edilir və 84 azərbaycanlı gəncin xaricdə təhsil almasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzarət edir.

Sonra I, II və III yerlərin qalibləri olan 26 nəfər və Fəxri fərmana layiq görülən 54 nəfər səhnəyə dəvət edilib. I, II və III yerlərin qaliblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti