...

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə faydalı əməkdaşlığı davam edir

Cəmiyyət Materials 7 May 2012 18:44 (UTC +04:00)
Mayın 3-6-da Xorvatiyanın Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib.
Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə faydalı əməkdaşlığı davam edir

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 3-6-da Xorvatiyanın Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir Xorvatiyanın Baş prokuroru Mladen Bayiçin dəvəti və təşəbbüsü ilə baş tutub. Azərbaycan Respublikasını tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev təmsil edib.

Dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının həmin iclasında bir sıra mühüm məsələlər, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, təşkilata yeni üzvlərin qəbul edilməsi, Baş katib və İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi, BPA-nın fəxri üzvlüyü və "İlin Prokuroru" da daxil olmaqla mükafatlarla bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər təşkilatı məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Xorvatiyanın Baş prokuroru ilə keçirilmiş görüşdə Mladen Bayiç Azərbaycan Respublikasında dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və praktiki tədbirləri yüksək qiymətləndirərək görülən işlərdən məlumatlı olduğunu bildirməklə bu təcrübədən ölkəsinin bəhrələnməsinin zəruriliyini qeyd edib. Mladen Bayiç, həmçinin, Azərbaycan və Xorvatiya prokurorluqları arasında qarşılıqlı əlaqələrin korrupsiyaya qarşı mübarizə və digər sahələrdə də genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının 2012-ci il üzrə illik yığıncağının 28 oktyabr - 1 noyabr tarixlərdə Banqkokda, 2013-cü ilin sentyabr ayında isə Moskvada keçirilməsi barədə qərar qəbul edilib.

Keçirilən iclaslarda və ikitərəfli görüşlərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Azərbaycan Respublikasında həyata keçirilən irimiqyaslı tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatlarının, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunverici və praktiki işlərin uğurlu nəticələrinə dair məlumatlar verilib. Ölkəmizdə korrupsiyaya qarşı uğurlu və ardıcıl mübarizə siyasətinə dair məlumatları əks etdirən nəşrlər tədbir iştirakçıları arasında yayılıb.

Xəbər lenti

Xəbər lenti