...

Batumidə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2012 02:54 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən cari ilin 10 may tarixində “Sheraton” mehmanxanasında təntənəli mərasim keçirilmişdir.
Batumidə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən cari ilin 10 may tarixində "Sheraton" mehmanxanasında təntənəli mərasim keçirilmişdir.

Konsulluğdan Trend-ə verilən məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Mixeil Maxaradze, Sameqrelo - Zemo Svaneti vilayətinin Qubernatoru Quram Misabaşvili, Zuqdidi şəhərinin meri Aleksandr Kobaliya, Batumi şəhərinin vitse meri Natiya Surquladze, Acarıstan MR-nin Ali Sovetinin deputatları, bələdiyyə rəhbərləri, hökumət aparatının, meriyanın və nazirliklərin məhsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın Gürcüstandakı Kulevi terminalının məsul əməkdaşları, "SOCAR" neft şirkətinin nümayəndələri və konsulluq dairəsində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Baş Konsul Hüseyn Nəcəfov, qonaqları salamlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nitq ilə çıxış etdi.

H.Nəcəfov Heydər Əliyevin Azərbaycan müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsində son dərəcə mühüm rolunu və aparılan iqtisadi və siyasi islahatların həyata keçirildiyini öz nitqində qeyd etdi.

H.Nəcəfov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətin nəticəsində, bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub.

Baş Konsul qeyd etdi ki, Prezident İlham Əliyevin hal-hazırda apardığı islahatlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır. Prezident İlham Əliyevin praqmatik daxili və xarici siyasətinin nəticəsində Azərbaycan müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə nail olmuşdur. Keçən ilin oktyabr ayında Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilmişdir. Hal-hazırda rotasiya qaydasında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının sədr vəzifəsini həyata keçirir. Bu Azərbaycanın 20 illik müstəqil həyatının, uğurlu siyasətinin və dünya ictimaiyyətinin Azərbaycana göstərdiyi etibarın nəticəsidir. Bu nüfuzlu təşkilata üzv seçilməsi eyni zamanda ölkəmizdə aparılan pozitiv proseslərinin dünya ictimaiyyəti tərəfindən tanınması deməkdir. Güclü dövlət olmuş ölkəmiz, dünyanın energetik sisteminə müəyyən təsirə malikdir və ümumi təhlükəsizliyin qorunması və mədəniyyətlərarası dialoqun qurulması prosesində fəal iştirak edir. Ölkəmiz, etiqad edilən dinlərə göstərdiyi tolerantlıq baxımından, dünyada nümunə olaraq qəbul edilir.

H.Nəcəfov fəxr hissi ilə qeyd etdi ki, son zamanlarda, uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilərək, ölkəmiz davamlı inkişafa nail olub. Azərbaycan ilk dəfədir ki, G20 "Böyük iyirmilik" formatda Meksikanın Los-Kabos şəhərində keçirilən görüşə dəvət almışdır. Bu dəvət Azərbaycanın beynəlxalq arenada yüksələn rolun göstəricisidir. Son 8 ildə iqtisadiyyatımız 3 dəfə, dövlət büdcəsi isə 15 dəfə artıb. Bu gün Azərbaycan öz ehtiyaclarını qarşılaya bilən ölkədir. Azərbaycan sənayedə, mədəniyyətdə, şəhərsalma və idmanda sürətli inkişaf edən ölkədir.

Baş Konsul Respublikada olan tikinti bumu, Bakıda yeni gözəl binaların tikilməsi, küçələr, parklar və meydanların bərpa olunub və yenidən qurulması, paytaxt və dənizkənarı bulvarın zahiri görünüşünü bəzəyən unikal "Bakı Crystal Hall" tikilməsini qürurla qeyd etdi.

Keçən il "Eurovision" Musiqi Müsabiqəsində 43 ölkə arasında bizim gənclərin birinci yer tutması, onların fərdi olaraq qələbə qazanması ilə bərabər bizim dövlətimizin və xalqımızın da qələbəsidir. Azərbaycan hal-hazırda keçirilən beynəlxalq səviyyəli idman yarışlarının aktiv iştirakçısıdır. Belə iri həcmli tədbirlərdən biri 2012-ci ildə Azərbaycanda 22 sentyabr - 13 oktyabr tarixlərində keçiriləcək qadınlar və gənclər arasında futbol üzrə Dünya Çempionatı olacaq. Azərbaycanın 2020-ci ildə Olimpiya oyunlarının keçirilməsi üçün ərizə verilməsi, ölkəmizin yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün iqtidar və mümkünlüyünün göstəricisidir.

Mərasimdə çıxış edən Acarıstan MR-nın Ali Sovetinin sədri Mixeil Maxaradze Azərbaycan xalqını Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təbrik etmiş və Azərbaycan-Gürcüstan dostluq əlaqələrin möhkəmlənməsini, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dinamik inkişafını və iki ölkə arası tarixi dostluq əlaqələrini qeyd etmişdir.

Mərasimdə qonaqların diqqətinə Heydər Əliyevin həyat və görkəmli fəaliyyətinə həsr olunmuş fotosərgi və tanınmış rejissor Andrey Konçalovskinin "Бремя власти. Гейдар Алиев" adlı sənədli filmi nümayiş olunmuşdur.

Tədbirin rəsmi hissəsinin sonunda Baş Konsulluq tərəfindən ziyafət verilmişdir.

Tədbir və Baş Konsulun Müsabiqəsi "Ajara TV" və "TV-25" telekanallarında nümayiş olunmuşdur.

Xəbər lenti

Xəbər lenti