Azərbaycan, Bakı, 18 may /Trend/
Heydər Əliyev Fondu Yekaterinburqdan iki əlil qızı - Kseniya Kaminski və Svetlana Duşkini Bakıya "Eurovision" müsabiqəsinin finalına dəvət edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Sverdlovsk vilayəti qubernatorunun İnformasiya departamentinə istinadən xəbər verir.
Urallı uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi müsabiqənin Rusiyadan qalibləri olublar.
"Müsabiqə komissiyasının fikrincə, urallı uşaqlar Azərbaycan haqqında ən yaxşı inşa yazıblar. İndi onlar valideynləri ilə Bakıya "Eurovision" müsabiqəsinin finalına gələcəklər", - departamentdən bildiriblər.
Sverdlovsk vilayətinin beynəlxaql və xarici iqtisadi əlaqələr naziri Aleksandr Xarlov qeyd edib ki, vilayətdə çalışan bir çox xarici təşkilatlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar.
"Belə aksiyalar ümumbəşəri əlaqələrin qurulmasına yardım edir, insanları yaxınlaşdırır, hər iki tərəfə sevinc gətirir. Şadam ki, qızlarımız gözəl Bakını görəcək, dünyaca məşhur müsabiqəyə daha yaxın olacaqlar, dostlar tapacaqlar", - o deyib.
57-ci "Eurovision" müsabiqəsi mayın 22-dən 26-dək Azərbaycan paytaxtında keçiriləcək. Rusiyanı müsabiqədə Udmurtiyanın "Buranovskiye babuşki" folklor kollektivi təmsil edəcək.