Azərbaycan, Bakı, 25 may / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Qax və Balakən rayonlarında buraxılış imtahanından azad ediləcək orta məktəblərin siyahısı dəqiqlikə mayın 30-dək elan olunacaq.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün orta məktəblərinin məzunları buraxılış imtahanlarından azad ediliblər. Onların attestata yazılacaq yekun qiymətləri illik qiymətləri əsasında müəyyənləşəcək.
Abbaszadə deyib ki, Təhsil Nazirliyi tərəfindən mayın 25-dən 30-dək aprelin 19-dək buraxılış imtahanlarından azad olunanların siyahısı təqdim ediləcək. Onun sözlərinə görə, bəzi şagirdlər xəstəliklə əlaqədar imtahanda iştirak etmirlər. Bununla yanaşı, təlimi gürcü dilində olan orta məktəblər, Naxçıvan Muxtar Respublikasındakı bütün orta məktəblər bu proseslərdə iştirak etmirdilər.
"Onların dəqiq siyahısı və imtahanda fərdi olaraq, kimlərin iştirak etməyəcəyi barədə məlumatlar bizə daxil olmalıdır. Eyni zamanda, biz aprelin 19-dan sonra baş verən təbii fəlakətlə əlaqədar Zaqatala rayonunun bütün orta məktəblərində yekun qiymətlərin illik qiymətlər əsasında yazılmasına icazə veririk. Qax və Balakəndə isə təkcə məktəblər deyil, insanların evləri də qəzalı vəziyyətə düşüb. Bununla bağlı dəqiqləşdirmələr aparılır", - komissiya sədri əlavə edib.
O deyib ki, imtahandan azad ediləcək məktəblərin siyahısı TQDK-nın saytında yerləşdiriləcək.