Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi mayın 7-də Zaqatala rayonunda baş verən zəlzələdən sonra bu bölgədə yaşayan insanlar arasında müəyyən narahatlıqların yaranmasını nəzərə alaraq, insanları zəlzələ zamanı davranış qaydalarına əməl etməyə çağırıb.
Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, bir çox insanlar zəlzələ zamanı davranış qaydaları barədə məlumatsızdırlar və ya əksər hallarda yanlış qərarlar verirlər. Ona görə də zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə adətən emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qəbul edirlər. Məsələn, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanır, liftə minirlər. Tələbə və məktəblilər, iş yerində olan qulluqçular məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar.
Mərkəzin bununla bağlı yaydığı məlumatda daha sonra bildirilir ki, zəlzələlər zamanı insan təlafatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları yuxarıda saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır. Yanğın da çox təhlükəlidir. Hamı ehtiyac olduqda qaz və elektrik xətlərini bağlamağı bacarmalıdır. Fənərləri, dərman qutusunu, isti geyim əşyalarını etibarlı yerlərdə saxlamaq lazımdır.
Tövsiyə edilən müdafiə tədbirlərindən ən yaxşısı təlaşa düşməməkdir. Unutmaq olmaz ki, zəlzələ yer tərpənməsi olub bir neçə saniyə və güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər.
"Ona görə də siz binanın içərisində olduqda təcili surətdə təhlükəsiz yerə qaçın. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanın. Unutmayın ki, binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişin", - məlumatda deyilir.
Qeyd edilir ki, xəsarət almış binalarda təkrar təkanlar (afterşoklar) daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durun. Onlar aşa bilər və ya yerindən tərpənib yaxında dayanan insana ağır zədə vura bilər.
"Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Pilləkənlərdə basabas olacaq, liftlər isə işləməyəcək. Bundan başqa zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçur. Güclü təkanlardan sonra elektrik və qaz sistemlərini qapayın (əgər onlar öncədən qapanmayıbsa). Kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər", - məlumatda bildirilir.
Binadan kənarda olanlar binaya yaxınlaşmasınlar. Əksinə, ondan daha da kənara- küçənin ortasına, boş sahələrə, bağlara qaçsınlar, ən açıq olan sahələrə çəkilsinlər və elektrik şəbəkəsindən uzaqlaşsınlar.
Zədələnmiş binaların yanından keçərkən çox diqqətli olmaq lazımdır. Çünki uçqunlar qəflətən baş verə bilər. Bundan başqa qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər.