...

Azərbaycanda son on ildə zob xəstəlikləri 2-3 dəfə azalıb

Cəmiyyət Materials 26 May 2012 11:26 (UTC +04:00)
Azərbaycanda son on ildə zob xəstəlikləri 2-3 dəfə azalıb
Azərbaycanda son on ildə zob xəstəlikləri 2-3 dəfə azalıb

Azərbaycan, Bakı, 25 may / Trend müxbir M.Əliyev/

Azərbaycanda son on ildə zob xəstəlikləri 2-3 dəfə azalıb.

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli Trend-ə bildirib ki, Azərbaycanda "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qanunun qəbulundan keçən dövr ərzində ölkədə zob xəstələrinin sayı iki, bəzi hallarda isə üç dəfə azalıb.

"Bu qanunun qəbulu vaxtı ilə çox böyük çətinliklərlə başa gəlmişdi. Lakin indi nəticəsi göz qabağındadı", - Rəcəbli deyib.

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qanun 2001-ci ildə qəbul olunub.

Komitə sədri həmçinin digər xəstəliklərin də qarşısını almaq üçün müvafiq qanunların qəbulunun zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, anemiya xəstəliyinin qarşısını almaqdan ötrü un və un məmulatlarının dəmir, kalsium və maqneziumla zənginləşdirilməsi də qanunvericiliklə tənzimlənməlidir.

Lakin Rəcəbli bu məsələnin də Milli Məclisdə müzakirəyə çıxarılanda etirazlarla qarşılanacağını deyib.

"ABŞ, Kanada və digər ölkələr 70 ildir ki bunu edir. Azərbaycanda müzakirəyə çıxarılanda isə bu bəzi mentallıqdan irəli gələn məsələlərə görə etirazla qarşılanacaq", - komitə sədri deyib.

Hazırda ölkədə dəmir və digər qan yaradan elementlərin azlığı qan azlığı xəstəliklərinin yaranmasına səbəb olub. Xüsusilə də anemiya xəstəliyinin qarşısını almaqdan ötrü ölkədə istehsal olunan və ölkəyə gətirilən unun dəmirlə zənginləşdirilməsi tələbi qoyulacaq. Buna görə də qan xəstəliklərinin qarşısını almaq üçün ərzaqların dəmirlə zənginləşdirilməsinin vacibliyi vurğulanır. Dəmirin unun hər kiloqramına 30 mq əlavə edilməsi məsləhət görülür.

Xəbər lenti

Xəbər lenti