Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/
İkili standartar bir çox beynəlxalq təşkilatların fəaliyyətində həmişə öndə olub, ancaq indiki qədər açıq şəkildə qərəzli mövqe nümayiş etdirilməsini gözləmirdik. Bunu çərşənbə axşamı Trend-ə "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin (AHİB) sədri Təhmasib Novruzov deyib.
O qeyd edib ki, bunu yalnız Azərbaycanda gedən inkişafa, sürətli tərəqqiyə qısqanclıqla yanaşma ilə əlaqələndirmək olar.
"Digər tərəfdən, belə hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatlar və bəzi özlərini hüquq müdafiəçisi adlandıranlar bu şəraiti yaradırlar. Təbii ki, "Amnesty International" və ya digər hər hansı bir təşkilat Azərbaycan haqqında hesabat yayanda onu havadan götürmür, məlumatları haradansa əldə edir, bunun əsasında hesabat yayır", - Novruzov deyib.
Onun sözlərinə görə, bu məlumatları onlara ötürənlərin kim olduğu bəlli deyil.
"Çox təəssüf ki, əslində bu şəraiti öz içimizdə olan "qurdlar" yaradırlar. Ona görə də mənə elə gəlir ki, təkcə hesabatı yayanlara, onu yaydıranlara deyil, həm də Azərbaycandakı Azərbaycan əleyhinə, dövlətçiliyin əleyhinə bu cür fəaliyyət göstərənlərə ictimai qınaq təşkil olunmalıdır", - İB sədri bildirib.
O vurğulayıb ki, nəyinsə xətrinə, şəxsi mənafe xətrinə Azərbaycan mənafelərini xarici ölkələrə satmaq öz xalqına və öz dövlətinə xəyanət etməkdir.