Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/
2012/2013-cü tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində neçə nəfər azərbaycanlı gəncin təhsil almaq məqsədilə xarici ölkələrə göndəriləcəyi sənəd verənlərin sayından asılı olacaq. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Əlipaşa Zeynalov deyib.
Onun sözlərinə görə, mayın əvvəlində elan edilmiş müsabiqədə iştirak üçün hələlik yalnız 30-a yaxın şəxs müraciət edib. Bunlar da əvvəlki illərin məzunlarıdır. Onlar xaricdə təhsil almaq üçün mühəndislik və kompyuter sahələri üzrə sənəd veriblər.
Müraciət edənlərin sayının hələlik az olduğunu deyən Zeynalov bunu müsabiqədə iştirak üçün tələb olunan sənədlərin bəzilərinin - attestat, diplom və diploma əlavələrin orta və ali məktəb məzunlarına verilməməsi ilə izah edib. O bildirib ki, bu sənədlər verildikdən sonra, yəni iyunun ortalarından başlayaraq sənəd verənlərin sayında artım olacağı gözlənilir.
Zeynalov bildirib ki, sənəd qəbulu avqustun 20-dək davam edəcək. Müraciət edənlər yalnız biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb, turizm prioritet istiqamətləri üzrə sənəd verə bilərlər.
Nazirlik rəsmisi əlavə edib ki, müsabiqədə iştirak üçün müraciət edənlərin dil bilmək bacarığı olmalı, TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək bal toplamalı, onun xaricdə oxuya biləcəyini təsdiqləyən sənədləri olmalıdır.
Zeynalov əlavə edib ki, ötən illərdə olduğu kimi, bu il də magistratura və doktorantura səviyyələri üzrə xaricdə təhsil almağa üstünlük veriləcək.
"Amma bu, yenə də müraciət edənlərin sayından asılıdır. Az müraciət edirlər. Ya da müraciət edənlər ərizələrində elə universitetlərin və ixtisasların adlarını qeyd edirlər ki, onların adları Təhsil üzrə Komissiyanın təsdiqlədiyi siyahıda olmur. Buna görə də onları oxumağa göndərə bilmirik", - sektor müdiri qeyd edib.