...

TQDK buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına nəzarət edəcək

Cəmiyyət Materials 1 İyun 2012 12:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələcəkdə səhhəti ilə əlaqədar buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına nəzarət edəcək.
TQDK buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına nəzarət edəcək

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələcəkdə səhhəti ilə əlaqədar buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına nəzarət edəcək.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, artıq gələn ildən bu proses daha ciddi şəkildə aparılacaq.

Onun sözlərinə görə, abituriyentin 18 yaşı tamam olubsa, o, həqiqi hərbi xidmətdən möhlət hüququ almalıdır. Amma tez-tez belə hal müşahidə olunur ki, abituriyent möhlət hüququnu xəstəliyə görə aldığı halda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq üçün keçirilən seçmə turlarda iştirak etməyə iddia edir.

"İnsan ya xəstə, ya da sağlam olmalıdır. 10-15 gün ərzində heç kim sağala bilməz. Uşaqlar yalnız Səhiyyə Nazirliyinin təsdiqlədiyi ciddi xəstəliklər əsasında imtahanlardan azad edilə bilərlər. İmtahandan azad edilməyə imkan verən xəstəlikləri heç düşmənlərimizə də arzu etməzdim", - TQDK sədri qeyd edib.

Abbaszadə deyib ki, TQDK bu gün buraxılış imtahanlarından, eləcə də Bakıda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından azad edilən 540 şagirdin diaqnozunu yoxlaya bilməz.

"Amma 540 nəfərdən kimsə Azərbaycan Tibb Universitetinə qəbul olunsa, yalan üzə çıxacaq. Çünki xəstə olan insan Tibb Universitetində və ya Polis Akademiyasında oxuya bilməz. Bunun üçün onlardan sağlamlıq haqqında arayış tələb olunur. Yalan yolunu tutmaq lazım deyil, yalançılıq heç zaman uğur gətirməz", - Komissiya sədri qeyd edib.

O əlavə edib ki, ölkə Prezidentin mayın 8-də buraxılış imtahanları ilə əlaqədar müvəqqəti qaydaların hazırlanması barədə verdiyi sərəncamda əsas qaydaların 2 ay ərzində hazırlanması tapşırılıb. Bu qaydalar hazırlanarkən TQDK buraxılış imtahanlarından azad edilə bilən şagirdlərlə bağlı da Nazirlər Kabinetinə təkliflər verəcək.

Xəbər lenti

Xəbər lenti