...

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilir

Cəmiyyət Materials 7 İyun 2012 18:11 (UTC +04:00)
İsrailin Təl-Əviv şəhərində "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilir.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İsrailin Təl-Əviv şəhərində "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, Qurultayın işində Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Asim Mollazadə, Yevda Abramov və Fərəc Quliyev daxildir.

Qurultaya İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, absorbsiya naziri xanım Sofa Landver, turizm naziri Stas Misejnikov, "Bizim Evimiz İsraildir" partiyasının baş katibi xanım Faina Kirşenbaum, Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller, İsrailin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İosif Şaqal, Knessetin deputatları Orit Zuareç, Nino Abesadze və başqaları iştirak edirlər.

Qurultayın işində Rusiya Yəhudi Konqresinin vitse-prezidenti Georgi Zakaryayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Qurultayın işində, həmçinin, diaspor təşkilatları və İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Qurultayın Mandat Komissiyasının sədri Yuriy Boçarov qurultayın işində İsrailin 18 şəhərindən 159 nümayəndənin iştirak etdiyini qeyd edərək "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayının işə başlamaq üçün səlahiyyətli olduğunu bildirib.

Qeyd edək ki, "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası 2007-ci ildə təsis olunub. Təsis qurultayında o zaman Knessetin deputatı olan, əslən bakılı İosif Şaqal "Azİz" Beynəlxalq Assosiasiyasının prezidenti seçilib. 2012-ci ilin yanvar ayından İosif Şaqal İsrailin Belarusdakı səfiri səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti vəzifəsini tərk edin. Onu da qeyd edək ki, 2011-ci ilin iyul ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə İsrail Dövləti arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə İosif Şaqalı "Dostluq" ordeni ilə təltif etmişdi.

Xəbər lenti

Xəbər lenti