...

Azərbaycanda məzunlar üçün əmək yarmarkası keçirilir

Cəmiyyət Materials 20 İyun 2012 13:43 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çərşənbə günü Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) VII "Məzun 2012" əmək yarmarkası keçirilir.
Azərbaycanda məzunlar üçün əmək yarmarkası keçirilir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çərşənbə günü Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) VII "Məzun 2012" əmək yarmarkası keçirilir.

Trend-in məlumatına görə, yarmarkanın açılış mərasimində çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev bildirib ki, son illər əmək bazarında yüksəkixtisaslı mütəxəssislərə tələbat artıb.

Onun sözlərinə görə, builki əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank və dövlət qurumu 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif edəcək.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə bildirib ki, 2006-cı ildən keçirilən məzun yarmarkalarında xeyli uğur əldə olunub. O qeyd edib ki, gənclərin işlə təmin olunması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının prioritet istiqamətlərindəndir.

Nazirin sözlərinə görə, bu günədək belə yarmarkalarda 3 mindən artıq gənc işlə təmin olunub, 15 minə yaxın gəncə müvafiq məlumatlar verilib. "Bu il məzun yarmarkalarında təklif olunan əməkhaqları isə bazarda olan əməkhaqqıdan 50 faiz yüksəkdir", - Rəhimov deyib.

Təhsil nazirinin müavini Qulu Novruzov isə tədbirdə bildirib ki, məzun yarmarkaları ali təhsilin keyfiyyətində yüksəlişə səbəb olur. "Artıq Azərbaycan universitetləri arasında daha peşəkar kadr hazırlığında rəqabət yaranıb. Bu səbəbdən ən yaxşı universitetlərin məzunları işlə təmin olunurlar", - o deyib.

Yarmarkada həm dövlət, həm də özəl qurumları təmsil edən maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, rabitə, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və qurumları iştirak edirlər. Builki məzun yarmarkasının fərqli cəhətlərindən biri işəgötürənlər arasında digər ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya, Kanada) fəaliyyət göstərən şirkətlərin də iştirak etməsidir. Eyni zamanda, təşkilat komitəsi tədbir barədə məlumatın daha geniş auditoriyaya çatdırılması məqsədilə müasir texnologiyalardan istifadə edərək internetdəki sosial şəbəkə qruplarına müraciət edib. Nəticədə Türkiyə, Gürcüstan, Rusiya və Şimali Kiprin ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar CV-lərini yarmarkada iştirak edən şirkətlərə çatdıra biliblər.

Xəbər lenti

Xəbər lenti