...

Gələn ay keçiriləcək təkrar buraxılış imtahanında 5000 şagird iştirak edəcək

Cəmiyyət Materials 22 İyun 2012 13:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 4-də səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında iştirak edə bilməyənlər üçün keçirəcəyi təkrar buraxılış imtahanında təxminən 5000 şagirdin iştirak edəcəyi gözlənilir.
Gələn ay keçiriləcək təkrar buraxılış imtahanında 5000 şagird iştirak edəcək

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 4-də səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında iştirak edə bilməyənlər üçün keçirəcəyi təkrar buraxılış imtahanında təxminən 5000 şagirdin iştirak edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu imtahanda iştirak edəcək 4000-dən çox şagird eksternat qaydada imtahan vermək istəyənlər və əvvəlki illərdə attestat ala bilməyənlərdir.

"İndiyədək formalaşan bu bazaya yalnız bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlərin adları daxil ediləcək. Belə şagirdlərin sayı elə də çox olmayacaq", - TQDK sədri əlavə edib.

O qeyd edib ki, bazaya builki imtahanlarda üzrlü səbəblərdən iştirak edə bilməyən təxminən 1000 şagirdin adının daxil ediləcəyi gözlənilir. Bu imtahanda iştirak edəcək şagirdlərin dəqiq sayı isə iyunun 29-30-da - bütün imtahanlar başa catdıqdan sonra məlum olacaq.

Abbaszadə deyib ki, iyulun 4-də təkrar imtahanın Bakıda və TQDK-nın regional bölmələri olan rayonlarda keçirilməsi nəzərdə tutulur. Hazırda TQDK-nın Quba, Şəki, Lənkəran, Gəncə və Naxçıvanda regional bölmələri var.

"Ağcabədi, Şirvan və Goycayda yeni regional bölmələr hələ yaradılmayıb. Orada uşaqların sayından asılı olaraq, bu rayonlarda təkrar imtahanlar keçirilə də, keçirilməyə də bilər", - Abbaszadə qeyd edib.

TQDK sədri onu da bildirib ki, bəzi rayonlar üzrə 1-2 şagird təkrar imtahan verəcək. Çox az rayonun isə həmin gün 100-dən çox şagirdi təkrar imtahan verməli olacaq.

"Belə rayonların sayı çox azdır. Əgər 100-dən çox şagirdi təkrar imtahan verməli olan rayonlarda TQDK-nın regional bölməsi yoxdursa, onda həmin rayonlarda da imtahan keçirəcəyik. Bunun üçün oraya TQDK tərəfindən nümayəndələr göndəriləcək. Amma o rayonun ki, 2-3-5 şagirdi imtahan verməlidir, biz həmin uşaqları imtahan vermək üçün Bakıya deyil, yaxın rayondakı regional bölməyə dəvət edəcəyik", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti