...

Azərbaycanda dövlət əmlakını mənimsəmiş təhsil işçiləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 5 İyul 2012 19:57 (UTC +04:00)
Azərbaycanda külli miqdarda dövlət əmlakını mənimsəmiş təhsil müəssisəsinin əməkdaşları barəsində cinayət işi başlanıb.
Azərbaycanda dövlət əmlakını mənimsəmiş təhsil işçiləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanda külli miqdarda dövlət əmlakını mənimsəmiş təhsil müəssisəsinin əməkdaşları barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul əməkdaşları qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8, 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əməkhaqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əməkhaqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695 min manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti