...

Hikmət Babaoğlu: Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb

Cəmiyyət Materials 23 İyul 2012 16:08 (UTC +04:00)
Son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib.
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Milli mətbuatın təşəkkülü tarixi hadisə kimi

Son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.

Mətbuat ilk növbədə intellektual sahə olduğu üçün heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, mətbuatının tarixi də bir qədər daha sonraki dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir cəmiyyət idi.

"Əkinçi"nin nəşri ərəfəsində sosial-siyasi və mədəni-intellektual şərait

Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də Azərbaycan mətbu tarixinin əsasını qoyan "Əkinçi" qəzetinin nəşrinə başlanıb. Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi - nəzərdən mühüm bir hadisə idi. İlk növbədə siyasi şərtlər ona görə uyğun deyildi deyirik ki, o dövrdə hər nə qədər mətbuat bir maarifləndirmə vasitəsi kimi düşünülürdüsə, eyni zamanda, hamı mətbuatın siyasi və ideoloji vasitə olduğunu da dərindən başa düşürdü. İşğal altında olan Azərbaycanı işğal altında saxlayan qüvvələrin əlbəttə ki, əsla marağında ola bilməzdi ki, ölkəmizdə mətbuat yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə ona görə məqbul deyildi ki, o dövrdə bütövlükdə əhalinin maddi vəziyyəti aşağı idi, qəzet çıxarmaq yeni bir peşə olduğundan o dövrün ən müasir texnika və texnologiyasını tələb edirdi və bu texnologiyalar olduqca baha idi. Həmçinin, qəzetin maliyyələşməsinin heç bir əsası - nə ictimai stimullaşdırıcı vasitələr, nə ictimai dəstək, nə də digər maliyyə mənbələri yox idi. Bu şərtləri nəzərə alsaq, görəcəyik ki, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi nə qədər ağır, çətin şərtlər altında bir tarixi işi həyata keçirməyi bacarmışdı. Məsələ ondadır ki, o dövrdə müəyyən ziyalı təbəqəsi formalaşsa belə, heç də onların mətbuata münasibətləri, ümummilli ideoloji məsələlərə ortaq baxışları məqbul deyildi və üst-üstə düşmürdü. Çünki o dövrdə yeni ictimai-siyasi münasibətləri, yeni ideoloji nəzəriyyələri mənimsəyən ziyalılarımızın böyük əksəriyyətinin düşüncələrində daha çox Avropaya inteqrasiya, daha çox müsəlman-xristian inteqrasiyası, daha çox müsəlman-Qərb inteqrasiyası, daha sonra isə bunların əsasında cücərəcək yeni Rusiya Federasiyasının tərkibində müsəlman-xristian icmalarının birgə bərabər hüquqlu yaşaması ilə bağlı tezislər formalaşacaqdı. Bu isə ən azı 30-35 il sonra baş verəcəkdi. Amma 1875-ci ildə bunların heç biri yox idi. Ona görə də hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edəcəkdi.

Bu qəzetin işıq üzü görməsinə o dövrdə Azərbaycana hakim olan qüvvələr də razı deyildilər. Ona görə də, cəmisi 56 nömrəsinin nəşrindən sonra 1877-ci ildə qəzet bağlanmalı oldu. Göründüyü kimi, o dövrdə qəzet buraxmaq bir fədakarlıq idi. Dediyimiz xarici faktorlarla yanaşı, bir sıra daxili faktorlar da Azərbaycanda qəzet nəşrinin lehinə deyildi. Çünki o dövrdə din adı altında potensial oxucunu istismar edən, onların düşüncələrini bir növ işğal altında saxlayan "dindar" zümrə vardı. Əlbəttə ki, o dövrdə çox böyük üləmalar, alimlər, din xadimləri də vardı ki, biz onları nəzərdə tutmuruq. Amma bununla bərabər, dindən varlanmaq vasitəsi kimi, şəxsi məqsədləri üçün istifadə edən böyük bir kütlə də var idi ki, onlar əhalinin savadlanmasını, onların "boyunduruğundan" yaxa qurtararaq inkişaf etməsini istəmirdilər. Çünki mətbuat maarifləndirirdi, inkişaf etdirirdi, vətəndaş mövqeyi, ideoloji mövqe formalaşdırırdı, mətbuat intellektual insanlar yetişdirirdi və din adından istifadə edən fırıldaqçıların meydanı daralırdı. Ona görə də, daxili sosial, dini və ideoloji şərtlər də qəzet buraxmağın lehinə deyildi. Bütün bunlara baxmayaraq, Həsən bəy Zərdabi Azərbaycanda qəzet çıxarmağı bacardı və ölkəmizdə qəzetçilik ənənəsini yaratdı.

Azərbaycan milli mətbuatının inkişafı, bütövlükdə çar Rusiyası müsəlmanlarının inkişafını şərtləndirən faktor kimi

Əlbəttə ki, bundan sonrakı Azərbaycan mətbuatının inkişafı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf etməyə başladı. XIX əsrin sonlarında keyfiyyətcə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq, Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı. Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı.

Bundan sonrakı illərdə Azərbaycanda "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi qəzetlər, 1906-cı ildə isə "Molla Nəsrəddin" jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq, həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Artıq Qərbdə o dövrdə populyar olan ideya və ideologiyalar, demokratçılıq, sosial demokratçılıq, sonrakı mərhələdə kommunizm kimi siyasi və ideoloji dəyərlər Azərbaycan cəmiyyətində mətbuat vasitəsilə yayılmağa başladı. XX əsrin əvvəllərində müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi sistemin keyfiyyətini dəyişəcək, eyni zamanda, yeni mentalitet əsasları formalaşdıracaq bir missiyanı öz üzərlərinə götürmüşdülər və buna nail olmağa çalışırdılar. O dövrdə tənqid kimi yararlı bir tendensiya da meydana gəldi ki, biz bunun bariz nümunəsi kimi "Molla Nəsrəddin" jurnalında işıq üzü görən yazıları misal çəkə bilərik. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o təkcə Cənubi Qafqaz Türkiyə, İran və Orta Asiyada yaşayan azərbaycanlıların, türklərin deyil, çar Rusiyası ərazisində yaşayan digər müsəlmanların da mətbu tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maariflənirdilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, yuxarıda adı çəkilən coğrafiyada yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir.

Milli mətbuat siyasi prosesləri istiqamətləndirən vasitə kimi

Sonrakı mərhələdə Azərbaycan mətbuatının həm də siyasi bir vasitəyə çevrildiyinin şahidi oluruq. Belə ki, o dövrdə baş verən hadisələr yeni siyasi şərait formalaşdırmışdı. Artıq XX əsrin əvvəllərində I Dünya Müharibəsi qurtardıqdan sonra yeni ictimai-siyasi və iqtisadi mənzərə yaranmışdı. Bütün dünyada olduğu kimi, Çar Rusiyasında, bütövlükdə Qafqazda da ən müxtəlif keyfiyyətdə, ideoloji əsaslarda müxtəlif hadisələr cərəyan edirdi. Sevindirici haldır ki, həmin dövrdə Azərbaycan mətbuatı milli kompas rolunu oynamaqla azərbaycanlılara və Qafqazdakı digər müsəlman xalqlarına doğru yol göstərdi. Bütün bunlar isə onunla nəticələndi ki, məhz 1918-ci ildə dünyada və regionda baş verən mürəkkəb hadisələrin fonunda Azərbaycan öz müstəqilliyini elan edə bildi. Düşünürük ki, bu böyük tarixi-siyasi hadisədə və siyasi proseslərin məhz Azərbaycanda müstəqil dövlət qurulması ilə nəticələnməsində o dövrdə nəşr olunan Azərbaycan mətbu nümunələrinin böyük xidmətləri olmuşdur. Biz həmin dövrün mətbuatını izləyərkən məhz bunun da şahidi oluruq.

1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Respublikasının XI Qırmızı ordu tərəfindən işğal olunmasından sonrakı illərdə Azərbaycan mətbuatında durğunluq dövrü yarandı. O dövrün milli mətbuatımızı xarakterizə edərkən belə bir fikir söyləmək mümkündür ki, həmin dövrdə mətbuat öz axtarış dövrünü yaşayırdı. Bu dövrdə burjua, kapitalist dəyərlərindən, həqiqi sosial demokratçılıqdan imtina etmək və yeni sosial ideyalarla, yeni kommunist ideologiyası ilə silahlanmaq və bunu intellektual təfəkkürün süzgəcindən keçirərək ictimailəşdirərək, mətbu məhsula çevirmək bir qədər çətin idi. Çünki bunun üçün ilk növbədə insan yetişməli idi. O dövrdə də qısa müddətdə yeni dövrün şərtlərinə uyğun olaraq rotasiya olunan Azərbaycan ədibləri, şairləri, yazarları, eyni zamanda, Azərbaycan mətbuatı və o dövrün siyasi hadisələrinin diktəsi altında keyfiyyətcə yeni bir üslub yaratmağa başladılar. Beləliklə, Azərbaycan Sovet mətbuatı kimi xarakterizə edəcəyimiz yeni keyfiyyətdə, yeni ideoloji əsaslarda yeni mətbuat formalaşdı və o dövrkü Azərbaycan mətbuatı da öz üzərinə düşən, məhz o dövrün tələblərinə cavab verən tarixi missiyanı yerinə yetirməyə başladı.

Təbiidir ki, o dövrün mətbuatı daha çox siyasi, ideoloji mətbuat idi. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin, bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də, elə Sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı.

O dövrü xarakterizə edərkən hesab edirik ki, II Dünya Müharibəsindən sonrakı və müharibə illəri dövrlərini xüsusi qeyd etmək lazımdır. Bu dövrlərdə artıq hər nə qədər sovet vətənpərvərliyi olsa belə, Azərbaycan mətbuatı daha çox ideoloji rupor olsa belə, "kolxoz zəhmətkeşlərini" tərənnüm etsə belə, bunun özündə də bir dərin məzmun var idi. Çünki o illərdə bütün dünyanı xofa salan alman faşizmi baş qaldırmışdı. Azərbaycan xalqı da digər SSRİ, Avropa xalqları ilə, dünyanın demək olar ki, bütün xalqları ilə çiyin-çiyinə verərək məhz bu aqressiyaya qarşı mübarizə aparırdı. Azərbaycan mətbuatı da öz platformasında bu istiqamətdə çox dəyərli işlər görməyi bacardı. Amma hesab edirik ki, sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində olduqca əhəmiyyətli tarixi bir hadisə həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci il hüquqi-siyasi islahatı milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələyə yol açdı. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin konstitusiyasında Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan dili dövlət dili kimi təsdiq etdirildi. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də, məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.

Sonrakı dövrdə dünyada baş verən qlobal ictimai proseslərin nəticəsində Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdi. Bundan əvvəlki dövrdə də mətbuat o qədər vacib institut idi ki, sovet dövrünün son illərində, istər elə sovet dövrünün özündə ayrı-ayrı şəxslərə və siyasətçilərə qarşı da mətbuatdan ən müxtəlif təzyiq, şantaj vasitəsi kimi istifadə edirdilər. Yaxud da hansısa siyasi xadimə daxili münasibətin formalaşması vasitəsi kimi istifadə edilirdi.

Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.

Müstəqil mətbuatın formalaşdığı ilk illərdə mətbuata siyasi təsir faktoru

Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat avtomatik və qeyri-iradi olaraq keçiddən sonra demokratiyanı mənimsəməyə başladı. Hər iki ünsür bir-birindən nə qədər fərqli olsa da, bəlkə də bir-birilə ziddiyyət təşkil etsə belə, mahiyyət etibarilə hər ikisi ideologiya olduğu üçün hesab edirik ki, milli mətbuatın fərqinə varmadan bunu tərənnüm etməsi məzmunca fərqli olsa da mahiyyətcə eynidir. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi. Bunun səbəbləri isə kifayət qədər aydındır. 1991-ci ildən əvvəlki dövrdə olan mətbuatın nümayəndələri kommunizmi ideallaşdırırdısa, 1991-ci ildən sonrakı dövrdə biz demokratiyanın ideallaşdırılmasını gördük. Bu, bizi sonrakı illərdə həqiqi demokratiyadan bir qədər uzaqlaşdırdı. Əgər o dövrün kommunistləri kommunizm ideallarını istismar edirdilərsə, 1991-1993-cü illərdə özlərini demokratik adlandıranlar isə demokratiya ideallarını istismar edirdilər. Hesab edirik ki, bunların o qədər də ciddi fərqi yoxdur. Lakin həqiqi demokratiya daha geniş, daha dərin məzmun kəsb etdiyi üçün daha geniş kütlələrin və daha rəngarəng mətbuatın səmərəli fəaliyyətini şərtləndirirdi. Çox təəssüf ki, bu günə qədər də bəzi mətbu orqanlar demokratiyanı istismar cəhdlərini davam etdirilən hələ də bəzi qəzetlər "ən demokratik, ən çox tirajla çıxan qəzet bizik" kimi epitetlərlə istismar mövqeyində dayanmağı doğru hesab edirlər. Bütün bunlara baxmayaraq, 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan mətbuatı formalaşırdı. Müstəqil Azərbaycan mətbuatı artıq yeni, həqiqi vətənpərvərliyi, ideoloji sovet vətənpərvərliyini deyil, məhz milli vətənpərvərliyi, milli müstəqilliyi, milli inkişafı, milli iqtisadiyyatı tərənnüm edirdi. Ona görə də, bu dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol da asan olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən baş idarə senzura idi.

1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu mətbuat azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü.

Senzuranın ləğvi mətbuat tariximizin parlaq səhifəsi kimi

Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Təbiidir ki, ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.

Mətbuata dövlət qayğısı mətbuatın inkişafı və peşə nüfuzunun artmasını təmin etdi

2003-cü ildən - İlham Əliyev cənabları Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Qeyd etmək lazımdır ki, həmin illərdə qarşıya çıxan başlıca problemlərdən biri ondan ibarət idi ki, Azərbaycan mətbuatında dərin bir tənəzzül baş verirdi. Bu isə öz növbəsində Azərbaycan cəmiyyətinin leksikonunda, hətta "reket jurnalistika" kimi öz əksini tapan söz birləşməsinin meydana gəlməsi ilə yadda qaldı. Eyni zamanda, həmin mərhələ obyektivliyin təhrif olunması, qərəzli fikirlərin həqiqət kimi yayılması mənfi tendensiyalarla səciyyələndirilirdi. Məhz bu cür situasiyada Prezident İlham Əliyev bütün baş verənləri dərin təhlil edərək belə bir doğru qənaətə gəlmişdi ki, mövcud mənfi tendensiyaların əsasında duran başlıca səbəb mətbuatın maddi əsaslarının zəif olması problemidir. Çünki həmin dövrdə mətbuat artıq ənənəvi missiyasından - informasiya ötürücüsü rolunu oynamaq missiyasından tamamilə kənara çıxmışdı. Belə ki, mətbuat ucuz yollarla - şantaj, böhtan, manipulyasiya və təhqir yolu ilə maddi qazanc vasitəsinə çevrilmişdi. Məhz belə bir şəraitdə Prezident İlham Əliyev Azərbaycan mətbuatının "xəstəliyi"nə düzgün diaqnoz qoyaraq mövcud problemlərin həlli ilə bağlı xüsusi addımlar atmağa başladı. Bunlardan biri, hətta birincisi jurnalistlərin peşə nüfuzunun artırılması ilə bağlı idi. Bu istiqamətdə fundamental önəm kəsb edən ciddi tədbirlər görüldü. Eyni zamanda, paralel olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı.

Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncamı ilə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin (KİV) "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi.

Mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı.

Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV haqqında" Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən "inqilabçı jurnalistika", yaxud "reket jurnalistikası" yavaş-yavaş sıradan çıxmağa başladı.

Dövlət KİVDF vasitəsilə mətbuatı himayə edir

Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Məsələn, Mətbuat Şurasının "Reket Jurnalistika" ilə Mübarizə Komissiyasının siyahısına düşmüş qəzetlər artıq maddi vəsaitlərdən faydalana bilmirdilər. Bu, jurnalistlərin mətbuata yeni yanaşmasını və baxışını formalaşdırdı. Nəticə etibarilə bütün bunlar jurnalistikada mənəvi atributların və dəyərlərin yenidən bərqərar olunmasını şərtləndirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.

Fəxri adların və titulların verilməsi, sosial problemlərin həlli KİV-in inkişafını stimullaşdıran vasitədir

Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Belə ki, Azərbaycan mətbuatının 135 illik yubileyində Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" sərəncamı ilə ölkəmizin bir sıra bölgələrində silsilə tədbirlərin keçirilməsi, öz fəaliyyətində fərqlənən 38 jurnalistə "Əməkdar jurnalist" fəxri adının verilməsi, onlarla jurnalistin "Tərəqqi" ordeni ilə təltif edilməsi, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi jurnalistlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərməklə yanaşı, bu sahənin inkişafını daha da sürətləndirdi. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasını şərtləndirən xüsusi amil oldu. Prezident İlham Əliyevin yüksəksəviyyəli qayğısını və diqqətini görən digər ictimai-siyasi institutlar bu peşə sahəsi ilə hesablaşmağın və ona hörmətlə yanaşmağın vacibliyini dərk etdilər. Beləliklə, Prezident İlham Əliyevin Sərəncamı həm fərdi qaydada jurnalistlərin müxtəlif problemlərinin həllinə yönəlmiş fundamental mexanizm oldu, həm də jurnalistlərin öz əməlləri nəticəsində itirdikləri ictimai status və nüfuzun yenidən qaytarılmasını təmin etdi. Məhz bu fakt öz növbəsində Azərbaycan mətbuatına münasibətdə böyük hamilik, qayğıkeşlik nümunəsi və ibrət dərsi idi.

Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Amma 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı sərəncam verdi. Bu isə öz növbəsində jurnalistlərə münasibətdə yüksəksəviyyəli qayğının zirvəsi idi. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksəksəviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksəksəviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də, əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olur.

Əlbəttə ki, Azərbaycan Mətbuat Şurasına xüsusi ofisin tikilməsi, onun açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edərək onların və jurnalistlərin problemlərini dinləməsi, bu problemlərin xüsusi müzakirə obyektinə çevrilməsi, sonra isə onların həlli ilə bağlı real addımların atılması - əsaslı tədbirlərin görülməsi müstəqil Azərbaycan mətbuatının tarixində növbəti fundamental mahiyyət daşıyan əlamətdar hadisə idi. Bu, təkcə maddi problemlərin həlli demək deyildi, eyni zamanda, jurnalistlərin peşə nüfuzunun cəmiyyətdə artırılmasına xidmət edən növbəti mötəbər addım idi. Əslində, mətbuatın inkişafı yönündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xeyli sayda əhəmiyyətli addımların atılması, əsaslı islahatların həyata keçirilməsi mətbuat nümayəndələrindən məhz bu qayğıya layiq olmağı tələb edir. Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil. Məhz buna görə də, Prezident İlham Əliyevin mətbuata islahatçı yanaşmasına adekvat olaraq jurnalistlər də öz üzərinə düşən bütün öhdəlikləri ləyaqətlə yerinə yetirərək Azərbaycan mətbuatını ən azından MDB məkanında ən inkişaf etmiş mətbuata çevirməyi bacarmalıdır. Çünki qayğı və dəstək etibarilə bu istiqamətdə dövlət öz üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Məhz buna görə də, jurnalistlər öz üzərilərinə düşən bütün məsuliyyəti ləyaqətlə yerinə yetirməklə Azərbaycan mətbuatını dünyanın inkişaf etmiş ölkələrinin mətbuatı səviyyəsinə qaldırmalıdırlar.

Beləliklə, sadaladığımız amillərin qanunauyğun nəticəsi kimi, həm iqtidar, həm də müxalifət cəbhəsindəki mətbuat nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ildə "Jurnalistlərin dostu" seçilməsinə səs verdi. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə isə 93 KİV iştirak edib. Bu, mətbuat təmsilçilərinin qəbul etdiyi ən obyektiv və doğru qərardır. Eyni zamanda, bu, onun göstəricisidir ki, Azərbaycan mətbuatı obyektiv və qərəzsiz düşünməyi bacarır və Prezident İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğını anlayaraq qiymətləndirə bilir.

Beləliklə, 137 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti