...

Sumqayıtda at ətinin satılması ilə bağlı laborator müayinənin nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 Avqust 2012 15:49 (UTC +04:00)
Sumqayıt şəhəri kənd təsərrüfatı yarmarkasında dana əti adı ilə at ətinin satılmasının qarşısı alınıb.
Sumqayıtda at ətinin satılması ilə bağlı laborator müayinənin nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir E.İsmayılov/

Sumqayıt şəhəri kənd təsərrüfatı yarmarkasında dana əti adı ilə at ətinin satılmasının qarşısı alınıb.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən cari ilin 27 iyul tarixində Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO "ESPERO" markalı avtomobillə yarmarkaya gətirilib.

Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq-ı at əti, 25 kq-ı camış əti, 18 kq-ı isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq edib.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilib və müayinələr üçün laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında götürülmüş nümunələrin sınağı aparılıb. Sınaqlar nəticəsində laboratoriyaya təqdim edilmiş "at əti" nümunəsində yoxlanılmış göstəricilərindən patogen mikroorqanizmlər, o cümlədən salmonellər və bağırsaq çöpləri qrupundan olan bakteriyalar, "mənşəyi məlum olmayan ət" nümunəsində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti