...

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib

Cəmiyyət Materials 17 Avqust 2012 17:31 (UTC +04:00)
17 avqust 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən respublikada qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

17 avqust 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən respublikada qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, sosial tərəfdaşların və işəgötürən təşkilatların nümayəndələri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan nazir Fizuli Ələkbərov bildirib ki, bu gün ölkəmizdə insan hüquqlarının və sosial ədalətin tam şəkildə təmin olunmasına yönələn dövlət siyasətinin mühüm tərkib hissəsi işçi hüquqlarının etibarlı müdafiəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial inkişaf kursunda ölkə vətəndaşının layiqli həyat və layiqli əmək şəraiti ilə təmin edilməsi xüsusi yer tutur. Son 8 ildə ölkədə 1 milyondan artıq yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 5,4 faizə enmişdir. Həyata keçirilən məqsədyönlü dövlət proqramlarının uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsi 7,6 faizədək azalmışdır.

Qeyd olunub ki, dayanıqlı iqtisadi inkişaf, eyni zamanda dövlətin davamlı siyasi və maliyyə dəstəyi müqabilində özəl sektorun genişlənməsi məşğul əhalinin sayının xeyli artmasına səbəb olsa da, məşğul əhali tərkibində muzdla (əmək müqaviləsi əsasında) çalışanların sayında ciddi artım özünü göstərməmişdir. Bu isə qeyri-formal məşğulluq hallarının mövcud olmasından xəbər verir.

Möhtərəm dövlət başçısının müvafiq göstərişlərinə əsasən, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması, işə cəlb olunan vətəndaşlarla əmək müqavilələrinin bağlanılmasına dövlət nəzarəti xeyli gücləndirilmiş, bu sahədə aidiyyatı təşkilatlarla birgə konkret tədbirlərə başlanılmışdır. Belə ki, 2012-ci ilin ilk 6 ayı ərzində 960 nəfərlə əmək müqaviləsinin bağlanılması təmin edildiyi halda, təkcə iyul ayı ərzində bu rəqəm 1009 nəfər, avqust ayının ilk 10 günü ərzində isə 741 nəfər təşkil etmişdir. Bu sahədə görülən işlərin hələ də qənaətbəxş olmadığı bildirilərək, hər bir əmək müfəttişi tərəfindən iş yerlərində dövlət nəzarəti həyata keçirilərkən işçilərlə əmək müqavilələrinin bağlanılması məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyi, ümumiyyətlə, qeyd olunan problemin həllində Dövlət Əmək Müfəttişliyi Xidmətinin hər bir əməkdaşının öz səylərini artırmalı olduğu vurğulanıb.

Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Nazir Fizuli Ələkbərov Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarına əmək bazarında qeyri-formal məşğulluğun aradan qaldırılması üzrə təsirli tədbirlər görülməsi üçün ciddi tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti