...

8 saylı cəzaçəkmə müəssisəsində birgə araşdırma aparılacaq

Cəmiyyət Materials 27 Avqust 2012 17:50 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu bir neçə cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirib.
8 saylı cəzaçəkmə müəssisəsində birgə araşdırma aparılacaq

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu bir neçə cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qrup üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli, 2 və 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə isə qısamüddətli baxış keçirib.

8 saylı müəssisəyə başçəkmənin məqsədi əvvəlki baxışlar zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılmasından, məhkumlara münasibətdə rəftar hallarının və saxlanılma şəraitinin yoxlanmasından, eyni zamanda, müəssisələrdə saxlanılan şəxslərin qəbul edilməsindən ibarət olub.

Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

Araşdırma zamanı 2012-ci ilin 19 iyun tarixində 8 saylı müəssisənin yerləşdiyi Qaradağ rayon, Puta qəsəbəsində baş vermiş qasırğanın törətdiyi fəsadların aradan qaldırıldığı müəyyən edilib.

Bundan başqa, açıq tipli yataqxanaların və qapalı tipli kameraların döşəmələrinin taxta ilə əvəz olunması, hamam və ayaqyolunun müasir tələblərə uyğunlaşdırılması, yeni idman zalının, peşə məktəbinin, psixoloq və telefon danışıq otağının yaradılması qrup tərəfindən müsbət qiymətləndirilib. Müəssisədə təklikdə qəbul edilmiş 39 məhkum rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.

Yalnız bir məhkum saxlanılma şəraitindən şikayət edib və həmin müraciət qrup tərəfindən yerində araşdırılarkən təsdiqini tapmayıb.

MPM Qrupunun üzvləri tərəfindən şəraitin daha da təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda, məhkumlara göstərilən tibbi yardımın və xidmətin keyfiyyətinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi ilə əldə edilmiş razılığa əsasən, yaxın günlərdə 8 saylı cəzaçəkmə müəssisəsində birgə araşdırma aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti