...

Bakıda liseylə orta məktəb birləşdirilə bilər

Cəmiyyət Materials 10 Sentyabr 2012 13:28 (UTC +04:00)
Bakının Xətai rayonunun 287 saylı "Zəkalar" liseyi ilə 88 saylı orta məktəbinin yeri dəyişdirilə, yaxud onlar bir-biriləri ilə birləşdirilə bilər.
Bakıda liseylə orta məktəb birləşdirilə bilər

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, İ.İsabalayeva/

Bakının Xətai rayonunun 287 saylı "Zəkalar" liseyi ilə 88 saylı orta məktəbinin yeri dəyişdirilə, yaxud onlar bir-biriləri ilə birləşdirilə bilər. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məhəmməd Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 88 saylı məktəbdə 360 şagird var, məktəbin tutumu 1176 nəfərdir. "Zəkalar" liseyində isə 360 yerlik şagird tutumu olan binada 1150 şagird təhsil alır. Bayramov deyib ki, problem də "Zəkalar" liseyindəki şagirdlərin sayının çoxluğu ilə əlaqədardır.

"Bu məktəb üçün yeni binanın inşası ilə əlaqədar olaraq BŞTİ İqtisadi İnkişaf Nazirliyi (İİN) qarşısında məsələ qaldıranda təhlil aparıldı. Aydın oldu ki, həmin ərazidə 8 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ümumi şagird tutumu şagirdlərin sayından xeyli artıqdır", - idarənin müdir müavini deyib.

O bildirib ki, buna görə də, iqtisadi cəhətdən burada yeni tikinti aparmaq səmərəsizdir. Çünki həmin ərazidə şagirdlərin sayı şagird tutumundan 2000 nəfər azdır. Bu səbəbdən İİN həmin binaların imkanlarından rasional istifadə etmək üçün Baş nazirə müraciət edib. İİN təklif edib ki, şagirdi çox olan məktəb böyük binaya, şagirdi az olan isə kiçik binaya köçürülsün.

Bayramov deyib ki, bu iki məktəbin probleminin həll edilməsi üçün başqa variant da var. 287 saylı lisey 88 saylı məktəbə köçə və bu iki məktəb birləşdirilə bilər.

"Həmin məktəbin statusunu dəyişərək məktəb-lisey yaratmaq da olar. Hazırda bu məktəblərdə təmir işləri gedir. Ona görə də, son qərar bir neçə gündən sonra veriləcək", - o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti