...

Leyla Əliyeva: RAGT Həştərxanda təhsil sahəsi daxil olmaqla, bir çox layihələr həyata keçirib (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 20:53 (UTC +04:00)
Bu gün Həştərxandakı Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşkilatın Həştərxan bölməsinin üzvləri ilə görüşü olub.
Leyla Əliyeva: RAGT Həştərxanda təhsil sahəsi daxil olmaqla, bir çox layihələr həyata keçirib (FOTO)

Rusiya, Həştərxan, 12 sentyabr /Trend, xüsusi müxbir M.Əliyev/

Bu gün Həştərxandakı Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşkilatın Həştərxan bölməsinin üzvləri ilə görüşü olub.

Trend-in xüsusi müxbiri məlumat verir ki, RAGT-nin sədri əvvəlcə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilən məktəblə tanış olub. Yenidənqurma işlərindən sonra məktəbdə iki yeni korpus inşa edilib, yeni mebel quraşdırılıb, sinif otaqları müasir avadanlıqlarla təchiz edilib.

Leyla Əliyeva sinif otaqlarına baxıb, şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, hazırda məktəbdə 650 şagird təhsil alır. Onlardan 32 şagird azərbaycanlıdır. 42 müəllimin çalışdığı məktəbdə 20 sinif otağı var.

Görüşdə çıxış edən Leyla Əliyeva vurğulayıb ki, RAGT-nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. O qeyd edib ki, RAGT Həştərxanda təhsil sahəsi daxil olmaqla, bir çox layihələr həyata keçirib.

"RAGT beş ilə yaxındır ki, fəaliyyət göstərir. Bizim məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməkdir. Hazırda RAGT-nin 60-dan çox regional bölməsi var", - Leyla Əliyeva bildirib.

RAGT sədri deyib ki, təşkilatın regional bölmələri Azərbaycanın milli bayramlarını qeyd edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini təbliğ edir, ölkəmizin həqiqətlərini yayır.

"Biz inanırıq ki, münaqişə tez bir müddətdə ədalətli həllini tapacaq, bütün qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar", - Leyla Əliyeva qeyd edib.

O vurğulayıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda IDEA beynəlxalq kampaniyasına başlanılıb. Ötən dövr ərzində bu kampaniya çərçivəsində təqribən 60 min ağac əkilib, seminar və konfranslar keçirilib.

"Mən sizi bu hərəkata fəal qoşulmağa və təkliflərinizi bölüşməyə dəvət edirəm", - Leyla Əliyeva qeyd edib.

Görüşdə çıxış edən RAGT-nin Həştərxan vilayətindəki regional bölməsinin rəhbəri Elvin Hüseynov bildirib ki, RAGT-nin Həştərxan vilayətindəki regional bölməsinin regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox üzvü var. Hüseynov qeyd edib ki, 2010-2011-ci illərin yekunları üzrə Həştərxan vilayətinin administrasiyası şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə verib.

Bundan sonra Leyla Əliyeva tədbir iştirakçıları və RAGT üzvlərinin suallarını cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti