Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Gələn il üçün orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi qaydalarının layihəsinin oktyabrda təsdiqlənəcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qaydalar artıq təsdiq edilmək üçün Azərbaycan Nazirlər Kabinetinə (NK) təqdim edilib. Hazırda NK bu layihələr üzərində işləyir. Layihə NK tərəfindən təsdiq edildikdən sonra qaydalar ictimaiyyətə açıqlanacaq.
Abbaszadə bildirib ki, builki buraxılış imtahanlarının keçirilməsi qaydaları müvəqqəti idi. Həmin qaydalar ölkə Prezidentinin verdiyi fərmana uyğun olaraq, bu il TQDK tərəfindən təsdiqlənib. Amma orta məktəblərdə qiymətləndirmə ilə bağlı gələcək qaydaların təsdiqi NK-ya həvalə edilib.
"Yeni qaydalar təsdiq edildikdən sonra gələn ildən IX və XI siniflər üçün buraxılış imtahanlarının hansı formada keçiriləcəyi elan ediləcək. Ümid edirəm ki, oktyabrda bu qaydalar təsdiq olunacaq", - o, deyib.
TQDK sədri bildirib ki, buraxılış imtahanlarında fənlərin sayının artıb-artmayacağı da hələlik bəlli deyil. Bunun üçün buraxılış imtahanlarının nəticələri təhlil edilməlidir.