...

Sumqayıtda iri ticarət mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib

Cəmiyyət Materials 18 Sentyabr 2012 11:52 (UTC +04:00)
Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib.
Sumqayıtda iri ticarət mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib.

Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməsi ilə bağlı aparılan yoxlamada Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib.

Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən "Karvan İK" MMC-yə məxsus Karvan Ticarət Mərkəzindəki satış sahələri fərdi sahibkarlıqla məşğul olan vətəndaşlara icarəyə verilir.

Aparılmış müşahidələr göstərib ki, bu icarədarlar əhaliyə qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirirlər. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduğunu nəzərə alaraq, Xidmət tərəfindən Ticarət Mərkəzinin rəhbərliyinə xüsusi razılıq (lisenziya) olmayan fərdi sahibkarlarla icarə müqaviləsi bağlamamağa və onlara satış yerləri ayırmamağa dair xəbərdarlıq məktubları göndərilib.

Karvan Ticarət Mərkəzinin rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymayıb, bununla da, ayrı-ayrı fərdi sahibkarların qanunsuz fəaliyyətinə şərait yaradıb. Eyni zamanda, qeyd edilənlərlə əlaqədar xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən fərdi sahibkarlar barədə vergi orqanlarına müraciətlər edilib.

Aparılmış yoxlama zamanı Karvan Ticarət Mərkəzində fəaliyyət göstərən 29 fərdi sahibkardan Samid Nüsrət oğlu Rzayev, Zöhrə Oruc qızı Allahverdiyeva, Rəfail Firuz oğlu Əliyev, Azad Namid oğlu Əlibalayev və Tərlan Seyidxan oğlu Yusubovun xüsusi razılıq (lisenziya) aldıqları, qalan 24 nəfərin isə qanunsuz fəaliyyət göstərdikləri aşkar edilib. Qanunsuz fəaliyyət göstərən obyektlərdə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4076 ədəd zərgərlik məmulatı aşkar edilib. Yol verilmiş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanun pozuntusu aşkar edilmiş sahibkarlara inzibati xəta protokolları tərtib edilib. Tərtib edilmiş protokollar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti istehlakçılara qanuni fəaliyyət göstərən sahibkarların xidmətlərindən istifadə etməyi tövsiyə edir. Bu onların maliyyə itkilərinə məruz qalmamalarına, eləcə də dövlət standartlarının tələblərinə cavab verən zərgərlik məmulatlarına sahib olmalarına şərait yaratmış olar.

Xəbər lenti

Xəbər lenti