...

Vüqar Əliyev: Azərbaycan mediası cəmiyyətin gözləntilərini doğrultmağa çalışmalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2012 11:21 (UTC +04:00)
Azərbaycan mediası cəmiyyətin gözləntilərini doğrultmağa çalışmalıdır.
Vüqar Əliyev: Azərbaycan mediası cəmiyyətin gözləntilərini doğrultmağa çalışmalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan mediası cəmiyyətin gözləntilərini doğrultmağa çalışmalıdır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

"Azərbaycan artıq Cənubi Qafqaz regionunda bir faktora, mərkəzi ölkəyə çevrilib və bu gün bizim mediamız öz azadlığı, plüralizmi, sərbəstliyi ilə cəmiyyətin gözləntilərini, çağırışlarını doğrultmağa çalışmalı, inkişaf etməli, Azərbaycanda güclü, peşəkar jurnalistika ictimai dəyərə hakim kəsilməlidir", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu istiqamətdə gündəlik olaraq jurnalistika ilə təmasda olur, təklifləri dinləyir, üzərinə düşən işləri görür. Çünki Azərbaycan dövlətinin əsas məqsədi odur ki, ölkədə müstəqil, peşəkar, sərbəst, dünya səviyyəsində Azərbaycanın səsini çatdıra biləcək güclü media formalaşsın.

Əliyev deyib ki, konfransda müzakirə olunacaq azad medianın təşəkkülü, jurnalist təhlükəsizliyi, etik təşəbbüslər, həmkarlar ittifaqlarının inkişaf etdirilməsi məsələləri aktual məsələlərdir.

Sektor müdiri çıxışında bildirib ki, Azərbaycan Avropanın inkişaf etmiş ölkələrinin mövcud qabaqcıl təcrübəsini mənimsəyərək Azərbaycan reallığına uyğunlaşdırmaq iradəmizi ortaya qoyub.

Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiya yolu ilə inkişafı özünün əsas hədəfi seçib.

Onun sözlərinə görə, Azərbaycanda KİV-lər haqqında qanunverici baza kifayət qədər liberallaşdırılaraq Avropa standartlarına uyğunlaşdırılıb.

"Hazırda Azərbaycanda çoxlu sayda KİV-lərin fəaliyyət göstərməsi, jurnalistlərin ölkə daxilində və xaricdə sərbəst çalışması faktı ondan xəbər verir ki, bu qanunlar praktikada işləkdir", - Əliyev qeyd edib.

"Bu gün cəmiyyət qarşısında yeni çağırışlar durur. Sosial internet mediası ənənəvi media ilə ciddi rəqabət aparır", - o deyib.

Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfransın keçirilməsinə səbəb olan "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi 2 il əvvəl başlayıb və toplantı layihənin nəticələrinə həsr olunur. O qeyd edib ki, belə tədbirlər Azərbaycan mediasının inkişafına töhfələr verəcək.

Amaşov deyib ki, payızda Azərbaycanda KİV-lərdə həmkarlar ittifaqlarının formalaşdırılmasına start veriləcək. Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərin ayrıca həmkarlar ittifaqlarının yaradılması vacibdir.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli öz çıxışnda Azərbaycanda dövlətin KİV-in inkişafı ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, KİVDF yaranan dövrdən sonra ilbəil keçirdiyi müsabiqələrin formatını genişləndirib.

"Bu illər ərzində Fondun həyata keçirdiyi layihələrdə iştirak edən bütün media qurumları öz maddi texniki bazasını inkişaf etdirib", - Səfərli deyib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli konfransın açılışında ötən iki il ərzində layihə çərçivəsində görülən işlərdən danışıb. O qeyd edib ki, layihə çərçivəsində "Risklərlə davranış: media professionalları üçün vəsait" adlı kitab çap olunub.

Xəbər lenti

Xəbər lenti