...

Sabah Bakıda Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək

Cəmiyyət Materials 26 Sentyabr 2012 13:36 (UTC +04:00)
Sabah Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2012") Sərgisi açılacaq.
Sabah Bakıda Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2012") Sərgisi açılacaq.

Trend-in məlumatına görə, sərgi ilə bağlı çərşənbə günü keçirilən mətbuat konfransında çıxış edən sərginin təşkilatçısı "İteca Caspian" şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə 16 ölkədən, o cümlədən Azərbaycan, Belçika, Rusiya, Türkiyə, İran, Yaponiya və digər ölkələrdən 107 şirkət iştirak edəcək, tibbi məhsul və xidmətlər, tibb sahəsinin bütün müxtəlifliyi nümayiş etdiriləcək. Sərgidə tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik və bir sıra digər məhsullar nümayiş etdiriləcək. İştirakçılar öz stendlərində səhiyyə sahəsinin ən son nailiyyətlərini - yüksək texnologiyalı diaqnostika və müalicə üsullarını, səmərəli texnologiya və xidmətləri, habelə tibbi texnikanı sərgiləyəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu sərginin Azərbaycan səhiyyəsi üçün çox önəmli olduğunu deyib. O bildirib ki, sərgiyə maraq ilbəil artır.

7-ci Azərbaycan Beynəlxalq "Beauty Azerbaijan 2012"-də isə Azərbaycan, Belçika, İtaliya, Latviya və Rusiyanın kosmetika bazarında fəaliyyət göstərən 35 şirkət iştirak edəcək. Hər iki sərgi sentyabrın 29-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti