...

Azərbaycanda vəhşi heyvanları saxlayanlar cəzalandırılacaqlar

Cəmiyyət Materials 28 Sentyabr 2012 15:38 (UTC +04:00)
Azərbaycan Milli Məclisində "Heyvanlar aləmi haqqında" qanuna təklif olunan dəyişikliklə vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar.
Azərbaycanda vəhşi heyvanları saxlayanlar cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 28 sentyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində "Heyvanlar aləmi haqqında" qanuna təklif olunan dəyişikliklə vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, komitənin parlamentin plenar iclasına tövsiyə etdiyi dəyişikliyə əsasən, qanunun 24-cü maddəsinə "Vəhşi heyvanların xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və digər qanunsuz yollarla əldə etməklə yarım sərbəst və qeyri-sərbəst şəraitdə, müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürülərək onların reabilitasiyasına çəkilmiş xərcləri ödənilməlidir" mətni əlavə olunur.

"Bu gün restoranlarda və yaxud kimlərsə şəxsi bağlarında vəhşi heyvanlar saxlayırlar. Bununla da heyvanı meşədən ayırıb qəfəslərə salmaqla həmin heyvanların hüquqlarını pozurlar. Bu məqsədlərlə heyvanların təbii mühitdən ayrılması yolverilməzdir", - İbrahimov deyib.

Komitə sədri bildirib ki, 1999-cu ildə qəbul olunan və sonradan bir neçə dəfə dəyişiklik edilən "Heyvanlar aləmi haqqında" qanun bu dəyişikliklə daha da sərtləşdiriləcək.

İbrahimov vurğulayıb ki, yaxın zamanda İnzibati Xətalar Məcəlləsinə qanunun bu maddəsini pozanlara qarşı cərimələrlə bağlı dəyişiklik ediləcək. Onun sözlərinə görə, hazırda cərimələrin məbləği müəyyənləşdirilir.

Azərbaycan Milli Məclisi oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk iclasında "Heyvanlar aləmi haqqında" qanuna təklif olunan dəyişiklikləri müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti