Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi ali məktəb məzunlarına verilmiş diplomlarla bağlı yeni baza yaradacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, TN tərəfindən verilmiş diplomların sayı barədə nazirlikdə məlumatlar olur. Amma hələlik o diplomların kimlərə verilməsi barədə baza yaradılmayıb. Mərdanov bu il və ya gələn il belə bazanın yaradılacağını qeyd edib. O, bununla da problemin həll ediləcəyinin gözlənildiyini bildirib.
Nazir əlavə edib ki, TN diplomları, blankları ali məktəblərə verərkən ali məktəbi bitirən insanın adını orada qeyd etmir.
Onun sözlərinə görə, diplom almaq üçün ali məktəblər məzunlarının siyahısını TN-ə təqdim edir. Nazirlik də o siyahı əsasında məktəblərə diplom verir.
"Amma düşünürəm ki, orta məktəblərə attestatlar nömrə ilə verildiyi kimi, gələcəkdə ali məktəblərə diplomlar da nömrə ilə verilsə, bu problem həll olunar", - Mərdanov deyib.
Nazir hesab edir ki, Azərbaycanda saxta diplomlarla bağlı vəziyyət digər ölkələrdə olduğu kimi ciddi deyil. Azərbaycanda belə diplomlar hansısa işbaz adamların vasitəçiliyi ilə düzəlir.
"Bizdə də elə hal olub ki, bir ali məktəbə verilmiş diplom nəzərdə tutulmuş insana verilməyib. Bu, yalnız saxta pul çap edən kimi, saxta diplom çap edən işbazların işidir. Belə hallar da zaman-zaman aşkarlanır və onlar öz cəzalarını alırlar", - Mərdanov deyib.