...

Azərbaycanda ibtidai sinif şagirdləri bağırsaq qurdlarına qarşı müalicə olunacaqlar

Cəmiyyət Materials 9 Oktyabr 2012 10:53 (UTC +04:00)
Azərbaycanda ibtidai sinif şagirdləri arasında helmintozların (bağırsaq qurdları) profilaktikası və müalicəsi təbirlərinin həyata keçirilməsinə başlanılıb.
Azərbaycanda ibtidai sinif şagirdləri bağırsaq qurdlarına qarşı müalicə olunacaqlar

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ibtidai sinif şagirdləri arasında helmintozların (bağırsaq qurdları) profilaktikası və müalicəsi təbirlərinin həyata keçirilməsinə başlanılıb.

Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Soltan Məmmədov çərşənbə axşamı Trend-ə deyib ki, bu işlər Səhiyyə Nazirliyinin 2012-ci il 25 sentyabr tarixli əmri ilə görülür.

Məmmədov bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyi 2006-cı ildən başlayaraq Rostropoviç-Vişnevskaya Fondunun dəstəyi ilə respublika ərazisində məktəbli uşaqlar arasında helmintlərə qarşı profilaktik tədbirlər həyata keçirir.

2012-ci ildə respublikanın 47 rayonunda I-IV sinif şagirdləri arasında helmintlərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyi, Rostropoviç-Vişnevskaya Fondu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Nümayəndəliyin rəhbəri deyib ki, ÜST tərəfindən ölkəyə 800 min ədəd Albendazol preparatı ianə olunub. Proqram çərçivəsində respublikanın 47 rayonunda 400 min nəfər I-IV sinif şagirdlərinə bu preparat veriləcək.

Rostropoviç-Vişnevskaya Fondunun dəstəyi ilə parazitoloq və laborator mütəxəssislər üçün oktyabrın 1-3-də beynəlxalq ekspertin iştirakı ilə təlim məşğələləri keçirilib. Təlim zamanı yerli mütəxəssislər helmintlərin laborator müayinəsi üçün yeni metodika, proqramın tətbiqindən əvvəl və sonra helmintlərlə yoluxma səviyyəsinin öyrənilməsi üçün laborator tədqiqatların keçirilməsi qaydaları ilə tanış olublar. Keçiriləcək tədqiqatlar proqramın sonunda görülmüş tədbirlərin effektivliyini müəyyən etməyə imkan verəcək.

BMT-nin Uşaq Fondu tərəfindən SN-ə əhali arasında sosial səfərbərlik tədbirlərinin görülməsi üçün yardım göstəriləcək.

Qeyd edək ki, xroniki helmintoz və eləcə də çox sayda helmintləri olan uşaqlar adətən alçaq boylu olurlar və onların bədən çəkisi normadan aşağı olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti