...

2012-ci ilin yanvar-sentyabr aylarında DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4 faiz icra olunub

Cəmiyyət Materials 12 Oktyabr 2012 13:42 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1833,9 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 308,9 mln. manat və ya 20,3 faiz çoxdur.
2012-ci ilin yanvar-sentyabr aylarında DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4 faiz icra olunub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1833,9 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 308,9 mln. manat və ya 20,3 faiz çoxdur.

DSMF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 131,8 mln. manat artaraq 1000,4 mln. manat təşkil etmişdir.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizi və ya 612,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 9 ayının göstəricisinə nisbətən 18,7 faiz və ya 96,6 mln. manat artmış, proqnoz isə 109,9 faiz icra olunmuşdur.

Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4% icra olunmuşdur.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 16,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 31,4 faiz artmışdır.

2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 35,2 mln. manat artmışdır.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 5,2 mln. manat təşkil etmişdir.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1809,6 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1774,5 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 299,8 mln. manat və ya 20,3 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,7 faiz və ya 297,4 mln. manat artaraq 1732,9 mln. manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur.

İlkin məlumatlara görə, 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manat təşkil etmişdir.

2012-ci ilin yanvar-sentyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 41,6 mln. manat məbləğində müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 35,1 mln. manat təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti