...

Strateji Araşdırmalar Mərkəzində Azərbaycan dilinin reallıqları və perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2012 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çərşənbə günü "Dövlət və dil: reallıq, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov tədbir zamanı bildirib ki, Mərkəz Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na hazırlıqlar çərçivəsində dilçilərin iştirakı ilə mütəmadi şəkildə müzakirələr keçirir.

O deyib ki, müzakirələrdə səsləndirilən fikirlər ümumiləşdirilərək təkliflər formasında Prezident Administrasiyasına təqdim olunacaq.

"Dil məsələsi hər bir dövlət və millət üçün vacib məsələdir. Biz də bir dövlət və millət olaraq, qloballaşan dünyada dövlət dilimizi qoruyub saxlamalıyıq", - Məmmədov bildirib.

SAM-ın direktor müavini Gülşən Paşayeva dəyirmi masa zamanı qeyd edib ki, qloballaşan dünyada dilin inkişafı üçün cəmiyyətdə onun istifadəsinə fikir yetirilməlidir. Paşayeva müxtəlif dillərin inkişaf yolundan danışaraq deyib ki, Azərbaycan dili uzun inkişaf yolu keçib.

Paşayeva qeyd edib ki, bəzən cəmiyyətlərdə rəsmi dil deklorativ şəkildə müəyyənləşdirilsə də, çox zaman onun qaydalarına riayət edilməsində problem yaranır. O, vurğulayıb ki, xüsusilə kargüzarlıq işlərində dövlət dilinin qaydalarına əməl olunmasına riayət edilmir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı Buludxan Xəlilov Azərbaycan dilinin cəmiyyətdəki tətbiqindən danışıb. O qeyd edib ki, KİV-də Azərbaycan dilinin tətbiqində xeyli qüsurlar görünür. "Hazırda dildə yox, dilin istifadəsində qüsurlar var", - dekan deyib.

Xəlilov bu istiqamətdə müəyyən işlərin görülməsini, eləcə də orfoqrafiya lüğətlərinin hazırlanmasını, internetdə dil bazasının yaradılmasını təklif edib.

Mili Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev isə çıxışında televiziya sahəsində Azərbaycan dilinin geniş istifadəsi ilə bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, bu gün efir 100 faiz dövlət dilində yayımlanır.

Millət vəkili Fazil Mustafa dəyirmi masada çıxışı zamanı müasir dünyada dilin inkişafına fərqli yanaşmaların olduğunu deyib.

Deputat Azərbaycan dilinin vahid türk dilləri məkanına inteqrasiyasının vacibliyini qeyd edib. "Dilin hüdudları genişləndirilməlidir, dilin tətbiqi onun genişlənməsinə səbəb olmalıdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla, bir çox türkdilli ölkələrdə dilin istifadəsi ilə bağlı problemlər üzə çıxıb", - Mustafa bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti