Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Bir müddət əvvəl təsis olunduğu barədə açıqlama yaymış Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqsədəuyğun bir hal kimi dəyərləndirilir.
Dövlət Komitəsindən Trend-ə daxil olan məlumatda bildirilir ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) yaradılıb. Qısa müddət ərzində Rusiya Federasiyasının 67 subyektində 73 regional bölməsi yaradılan Konqres Azərbaycanın dünyadakı ən güclü və nüfuzlu diaspor təşkilatlarından biridir.
"ÜAK azərbaycanlıların ən çox məskunlaşdığı və Azərbaycan diasporunun ən fəal olduğu ölkələrdən biri olan Rusiyada soydaşlarımızın təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm işlər görüb. ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb və bu proses indi də davam edir", - məlumatda deyilir.
Qeyd edilib ki, ÜAK-ın Azərbaycan və Rusiyanın müvafiq dövlət orqanları ilə qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlığı sayəsində azərbaycanlı icmanın maraq və mənafeləri ilə bağlı məsələlərə çevik və operativ müdaxilə olunur, Konqres dövlətlər arasında imzalanmış müqavilə və sazişlərin, hökumətlərarası layihələrin icrasına cəlb olunaraq xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin Rusiyada yaşayan azərbaycanlıların haqlı olaraq ən çox etimad göstərdiyi ictimai təşkilat olduğu halda bu ölkədə yeni bir qurumun yaradılmasını lüzumsuz addım sayır.
Komitə Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək bundan böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir.