Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə "Ağdam: Qafqazın Xirosiması" foto-albomu nəşr edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, kitabda erməni vandallar tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır.
Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barədə faktlar əsasında məlumat verilib.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev foto-alboma "Ağdam: Qara taleli ağ şəhər" adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.