...

Bakının təcili tibbi yardım briqadalarının operativ işləməsi üçün yeni göstəriş verildi

Cəmiyyət Materials 2 Noyabr 2012 17:05 (UTC +04:00)
Oqtay Şirəliyev paytaxtda təcili tibbi yardım xidmətinin daha operativ göstərilməsini təmin etmək məqsədilə təcili tibbi yardım maşınlarının yalnız köməkçi stansiyalarda deyil, əhalinin sıx məskunlaşdığı və hərəkət etdiyi ərazilərdə də saxlanılması barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) göstəriş verib.
Bakının təcili tibbi yardım briqadalarının operativ işləməsi üçün yeni göstəriş verildi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev paytaxtda təcili tibbi yardım xidmətinin daha operativ göstərilməsini təmin etmək məqsədilə təcili tibbi yardım maşınlarının yalnız köməkçi stansiyalarda deyil, əhalinin sıx məskunlaşdığı və hərəkət etdiyi ərazilərdə də saxlanılması barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) göstəriş verib.

Stansiyanın baş həkimi Mürsəl Həmidov cümə günü Trend-ə bildirib ki, indiyədək onlar günün müəyyən saatlarında təcili tibbi yardım maşınlarının ayrı-ayrı ərazilərdə saxlanılmasını təmin edirdilər. Ancaq nazirin bu həftənin əvvəlində verdiyi tapşırıqdan sonra təcili yardım maşınları Bakının bütün ərazilərində sutka boyu bu rejimlə işləyirlər.

Həmidov deyib ki, bu, təcili yardım maşınlarının çağırış ünvanına çox qısa müddətdə çatmasına kömək edəcək.

O, stansiyanın mərkəzi dispetçer zalında təcili yardım maşınlarının yerləşdiyi ərazilərin müəyyən edildiyini də bildirib.

Baş həkimin sözlərinə görə, çağırış olan kimi radiorabitə vasitəsilə ərazilərdəki tibbi briqadalara məlumat verilir. Hazırda paytaxtın bütün təcili tibbi yardım maşınlarında radiorabitə əlaqəsi yaratmaq mümkündür.

Həmidov deyib ki, təcili tibbi yardım maşınlarının tıxac problemi ilə üzləşməməsi üçün də variantlar axtarılır. Bu məqsədlə bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və BŞTTTYS-in rəhbərliyi arasında görüş keçirilib və yol patrul xidmətinin işçilərinə tıxac olan yollarda təcili tibbi yardım maşınlarının hərəkəti üçün maksimum şəkildə şərait yaratmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti