Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində sosial xidmətin keyfiyyətinin artırılması məsələlərinin müzakirəsinə və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin və xidmətin yerli strukturlarının məsul nümayəndələrinin iştirak etdiyi iclasda sosial xidmət müəssisələrinin fəaliyyəti və həmin müəssisələrdə göstərilən xidmətin vəziyyəti təhlil olunub. Həmçinin, iclasda İşgəncələr Əleyhinə Komitənin Göygöl 8 saylı internat evində apardığı monitorinqin nəticələri və komitənin nazirliyə təqdim etdiyi tövsiyələri geniş müzakirə olunub.
İclasda nazirliyin tabeliyindəki bir sıra sosial xidmət müəssisələrində - Şağan 3 saylı, Saray 7 saylı və Buzovna 9 saylı internat evlərində son vaxtlarda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra nümunəvi şərait yaradıldığı və digər internat və pansionatlarda bu istiqamətdə işlərin davam etdirildiyi qeyd olunub. Eyni zamanda, həmin müəssisələrdə dövlət himayəsində yaşayan insanların hərtərəfli təminatının yaxşılaşdırılması işlərinin aparıldığı da vurğulanıb.
Nazir Fizuli Ələkbərov internat və pansionatlarda müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin sürətləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi işlərində mütərəqqi beynəlxalq təcrübədən istifadənin genişləndirilməsi, bu sahədə görülən işlərdə İşgəncələr Əleyhinə Komitənin müvafiq tövsiyələrinin nəzərə alınması, sosial xidmət müəssisələrində qışa hazırlıqla bağlı işlərin tam başa çatdırılması, o cümlədən istilik sisteminin tam işlək vəziyyətə gətirilməsi və s. barədə tapşırıqlarını verib.