...

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdirilir (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun arasında tanışlıq görüşü olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ələkbərov Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə əldə olunan və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edən mühüm tarixi nailiyyətlər barədə məlumat verib.

Respublikamızda sosial rifah halının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sahəsində beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətlərində görülən işlərdən danışan nazir qardaş Türkiyə ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrindən və onların uğurlu nəticələrindən söz açıb.

Səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Alpər Coşqun iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini deyərək, diplomatik fəaliyyəti müddətində bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsini təmin etmək məqsədilə səylərini əsirgəməyəcəyini, həmçinin digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əldə olunmuş nailiyyətlər və gələcək perspektivlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti